2025–2030-cu illər üzrə nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramı çərçivəsində paytaxtda yeni piyada zonalarının yaradılması davam edir. Bu dəfə Atatürk parkı ilə “Antena” parkının birləşdirilməsi layihəsi təsdiqlənib.
İşlər yaxın zamanda Gənclik metro stansiyasının şimal çıxışının qarşısındakı ərazidə Atatürk parkının girişinə yaxın hissədə başlayacaq. Bu ərazi əvvəllər nizamsız parklanma və piyadalar üçün çətin keçidlərlə seçilirdi.
Layihə çərçivəsində ərazi tam yenidən qurulacaq: yaşıllıq zolaqları salınacaq, oturacaqlar və besedkalar quraşdırılacaq, uşaq meydançası və digər müasir şəhər infrastrukturu elementləri yaradılacaq.
Nəticədə parklar, ictimai nəqliyyat və ticarət obyektləri arasında rahat piyada əlaqəsi təmin ediləcək, həm yerli sakinlər, həm də turistlər üçün təhlükəsizlik və komfort səviyyəsi artırılacaq.