Son 1 ildə ən çox bahalaşan xidmətlər

Son 1 ildə ən çox

 2026-cı ilin mart ayında ölkədə xidmət sektorunda qiymət artımı əsasən enerji, nəqliyyat, səhiyyə və məişət xidmətləri hesabına formalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ən yüksək artım mərkəzi isitmə xidməti üzrə qeydə alınıb – qiymətlər 50 faiz yüksəlib. Həmçinin elektrik enerjisi təchizatı 10 faiz artıb, təbii qaz təchizatı isə 5,3 faiz bahalaşıb.

Mənzil və kommunal xidmətlər üzrə də artım müşahidə olunub: icarə haqqı 7,3 faiz, mənzil təmiri və saxlanması xidmətləri 5,9 faiz yüksəlib.

Səhiyyə sahəsində qiymətlər artmaqda davam edib. stomatoloji xidmətlər 7,2 faiz, tibbi xidmətlər 6,9 faiz, xəstəxana xidmətləri isə 2,3 faiz artıb.

Nəqliyyat sektorunda ən yüksək artım hava nəqliyyatı ilə sərnişin daşınması üzrə qeydə alınıb – 13,6 faiz. Digər nəqliyyat xidmətlərində isə daha mülayim artımlar müşahidə olunub.

İctimai iaşə və xidmət sahələrində də bahalaşma davam edib: restoran və kafelər xidmətləri 6,8 faiz, mehmanxana xidmətləri 4,9 faiz artıb.

Bundan əlavə, bərbərxana və kosmetoloji xidmətlər 9,1 faiz, kompleks istirahət xidmətləri 7,2 faiz yüksəlib.

Kommunal sahədə bəzi xidmətlərdə dəyişiklik qeydə alınmayıb. Belə ki, su təchizatı, zibil daşınması və kanalizasiya xidməti üzrə qiymətlər sabit qalıb.

MONETAR.AZ