Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd olunur ki, Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun yaradılması istiqamətində ardıcıl işlər aparılır.
Bu işlər çərçivəsində ictimai nəqliyyat şəbəkəsinin planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə xətlər artıq istismara verilir.
“Yeni marşrut şəbəkəsi şəhərin bütün əsas nöqtələrini birləşdirərək sakinlərə fasiləsiz və keyfiyyətli nəqliyyat xidməti təmin edəcək”, — deyə məlumatda bildirilir.
Məlumata görə, Xankəndidə aşağıdakı şəhərdaxili avtobus marşrutları fəaliyyət göstərəcək:
— marşrut №1: “Qarabağ Universitetinin Klinikası — Xankəndi tikiş fabriki”;
— marşrut №2: “Kərkicahan qəsəbəsi — dəmir yolu və avtovağzal kompleksi”;
— marşrut №3: “Qarabağ Universitetinin Klinikası — 1-ci dairə”.
Marşrut xətləri boyunca ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanlarla təchiz olunub.
Bu marşrutlar üzrə sərnişin daşımaları “BakuBus” MMC-yə məxsus ekoloji cəhətdən təmiz elektrik avtobusları ilə həyata keçiriləcək. Əhalinin mövcud tələbatı nəzərə alınaraq ilkin mərhələdə 14–15 dəqiqəlik interval ilə 10 nəqliyyat vasitəsi xidmət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız formada aparılacaq. Bunun üçün nəqliyyat vasitələri müvafiq avadanlıqlarla təchiz olunub.
Sərnişinlər gediş haqqını “BakıKart” kartları, QR biletlər, həmçinin NFC texnologiyası vasitəsilə — bank kartları və mobil ödəniş sistemləri (“Google Pay” və “Apple Pay”) ilə ödəyə biləcəklər.
Kartların balansını Xankəndi şəhərində quraşdırılmış ödəniş terminalları vasitəsilə artırmaq mümkün olacaq.
Qeyd edilir ki, avtobusların hərəkəti agentliyin monitorinq mərkəzi vasitəsilə real vaxt rejimində nəzarətdə saxlanılacaq.