Küveytin hava məkanı yenidən açılıb. Eyni zamanda, bu gündən etibarən Küveyt Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.
Bu barədə Küveyt Mülki Aviasiya Baş İdarəsinin rəhbəri Şeyx Hamud Mübarək Hamud əs-Sabah məlumat verib.
Bildirilib ki, bu addım hava nəqliyyatının mərhələli şəkildə bərpası planının tərkib hissəsidir və yaxın zamanda hava limanının tam fəaliyyətə qayıtmasına hazırlıq xarakteri daşıyır.
Xatırladaq ki, Küveyt fevralın 28-dən etibarən regiondakı hadisələrlə əlaqədar hava məkanını müvəqqəti bağlamışdı. Bu qərar sərnişinlərin təhlükəsizliyini təmin etmək və aviasiya əməliyyatları zamanı riskləri minimuma endirmək məqsədilə qəbul olunmuşdu.
Hazırda ölkə hava nəqliyyatının bərpasını mərhələli şəkildə həyata keçirir və bütün tədbirlərin təhlükəsizlik tələblərinə uyğun aparılacağını vurğulayır.