İllərdir ARDNF-in investisiya siyasətində "onurğa sütunu" rolunu oynayan istiqrazlar artıq öz yerini sarı metala verir. 2026-cı ilin 1 aprel tarixinə olan mənzərə fondun konservativ yanaşmadan daha çox "müdafiə xarakterli" yanaşmaya keçdiyini təsdiqləyir.
Qızılın payının bir il ərzində 25,8%-dən 35,6%-ə sıçraması təxminən 10 faiz bəndi artım deməkdir. Bu, ARDNF-in mövcudluq tarixində qızılın ən yüksək çəkisidir.
Qlobal iqtisadiyyatda inflyasiya təzyiqləri kağız aktivlərin (istiqrazların) real gəlirliliyini yeyib bitirir. Qızıl isə dəyər saxlama funksiyasını bərpa edir. Dünya bazarında artan gərginliklər və valyuta müharibələri şəraitində qızıl yeganə "siyasi cəhətdən neytral" aktiv hesab olunur. Fondun bu seçimi gələcək maliyyə şoklarına qarşı önləyici bir addımdır.
Portfeldə istiqrazların payının 42,6%-dən 33,1%-ə düşməsi strateji geriçəkilmədir. Uzunmüddətli istiqrazların gəlirliliyi qızılın qiymət artımı fonunda cəlbediciliyini itirir. ARDNF "kağız aktivlərdən" "real aktivlərə" kapital transferi həyata keçirir. İstiqraz payının azaldılması fondun pul bazarı alətlərində daha çevik olmasına şərait yaradır, lakin qızılın payının bu dərəcədə yüksək olması portfelin likvidliyini qızıl qiymətlərindən birbaşa asılı vəziyyətə salır.
Səhmlər portfeldə 24,8 % payla sabit saxlanılıb. Bu göstərici ARDNF-in qlobal birja bazarlarında mövqeyini qoruduğunu və uzunmüddətli iqtisadi artım potensialına inamın davam etdiyini göstərir. Riskli aktivlərdən tam çıxış edilməməsi, diversifikasiya strategiyasının davam etdiyini təsdiqləyir.
Daşınmaz əmlak isə 6,5% payla portfeldə ən kiçik hissəni təşkil edir və burada cüzi azalma qeydə alınıb. Bu tendensiya əsasən əmlak bazarındakı durğunluq və idarəetmə xərclərinin yüksəkliyi ilə əlaqələndirilir. Sektorun hazırkı vəziyyəti qısamüddətli perspektivdə ehtiyatlı yanaşmanı zəruri edir.
ARDNF-in bu addımı mərkəzi bankların qlobal trendi ilə tam üst-üstə düşür. Qızılın payının 35%-i ötməsi fondu faktiki olaraq bir "investisiya fondu"ndan daha çox "ehtiyat fondu" statusuna yaxınlaşdırır.
Qızıl qiymətlərində baş verə biləcək kəskin korreksiya (enmə) ARDNF-in ümumi aktivlərinin həcminə mənfi təsir edə bilər. Lakin strateji baxımdan bu, "uzunmüddətli sığorta" siyasətidir.
MONETAR.AZ