Microsoft ABŞ-da ilk könüllü təqaüd proqramını işə salır

Microsoft ABŞ-da ilk könüllü təqaüd proqramını

ABŞ-ın iri texnologiya şirkəti Microsoft 51 illik tarixində ilk dəfə olaraq könüllü təqaüd (buyout) proqramını tətbiq etməyə başlayır.

CNBC və digər mənbələrin məlumatına görə, proqram ABŞ-da çalışan və yaşı ilə iş stajının cəmi 70 və ya daha çox olan təcrübəli əməkdaşlara şamil olunacaq.

Buyout proqramı şirkətin əməkdaşlara müəyyən məbləğdə ödəniş təklif edərək onları könüllü şəkildə işdən ayrılmağa təşviq etməsi mexanizmidir. Uyğun əməkdaşlara proqramla bağlı detallı məlumatlar gələn ayın 7-dən etibarən təqdim ediləcək. Lakin satış nəticələrinə əsaslanan bonus sistemi ilə işləyən əməkdaşlar bu təşəbbüsdə iştirak edə bilməyəcək.

Mənbələrin bildirdiyinə görə, proqram Microsoft-un ABŞ-dakı işçi heyətinin təxminən 7%-ni əhatə edir. Şirkətin ötən ilin iyun ayına olan məlumatına əsasən, dünya üzrə 228 min əməkdaşı var, onların 125 mini ABŞ-da çalışır.

Şirkətin insan resursları rəhbəri Amy Coleman qeyd edib ki, bu proqram uyğun əməkdaşlara həyatlarının növbəti mərhələsinə keçmək imkanı verəcək.

ABŞ-da iri texnologiya şirkətləri süni intellekt fonunda restrukturizasiya proseslərini sürətləndirir. İşdən çıxarmaları izləyən Layoffs.fyi platformasının məlumatına görə, ötən il təxminən 124 min nəfər işini itirib, bu il isə artıq 73 min nəfər ixtisar olunub.

Eyni zamanda Microsoft süni intellektlə bağlı məlumat mərkəzlərinə (data center) investisiyalarını artırmaqda davam edir ki, bu da şirkətin uzunmüddətli strategiyasında prioritetlərin dəyişdiyini göstərir.

MONETAR.AZ