ABŞ prezidenti Donald Trampın iştirak etdiyi tədbirdə baş verən atışmadan sonra saxlanılan şəxs hüquq-mühafizə orqanlarına bildirib ki, Ağ Ev administrasiyasının üzvlərini güllələməyi planlaşdırırmış. Bu barədə CBS News mənbələrə istinadən xəbər verir. Hadisə aprelin 25-i axşamı Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyi zamanı baş verib.
Saxlanılan şəxs ABŞ prezidentinə atəş açmağı planlaşdırıb-planlaşdırmadığını dəqiqləşdirməyib. Şübhəli Kaliforniyadan olan 31 yaşlı Koul Allen adlı şəxsdir. Kolumbiya dairəsi polisinin müvəqqəti rəisi Ceff Kerrollun sözlərinə görə, o, tədbirin keçirildiyi Washington Hilton otelində qalırmış. Onun otelə nə vaxt yerləşdiyi açıqlanmayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, atəş açan şəxs tüfəng, tapança və bir neçə bıçaqla silahlanmış olub və tək hərəkət edib. O, banket zalının girişində ən azı 5–8 dəfə atəş açıb. ABŞ prezidenti və onun həyat yoldaşı Melaniya Tramp təxliyə olunub. Gizli Xidmət əməkdaşlarından biri yaralanıb. Güllə onun zirehli jiletinə dəyib və agentin həyatı təhlükədə deyil.
Kolumbiya dairəsinin prokuroru Canin Pirronun sözlərinə görə, Koul Allen aprelin 27-də federal məhkəmə qarşısına çıxarılacaq. Ona odlu silahdan istifadə və polis əməkdaşına hücum maddələri ilə ittiham irəli sürüləcək. İstintaqın gedişində əlavə ittihamların da irəli sürülə biləcəyi bildirilir.