Huawei 4G smartfonlardan imtina edə bilər

Huawei 4G smartfonlardan

Çin texnologiya nəhəngi Huawei 4G dəstəyi olan smartfonların istehsalını dayandırmağı planlaşdırır. Bu barədə Huawei Central nəşri insayder FixedFocus-a istinadən məlumat yayıb.

Məlumata görə, şirkət artıq bütün aktual cihazlarında 5G texnologiyasını tətbiq etdiyinə görə köhnəlmiş 4G standartını tədricən bazardan çıxarmağı düşünür. Bildirilir ki, Huawei-nin əsas smartfon seriyaları — Mate, Pura, Nova və Enjoy artıq 5G şəbəkələrini dəstəkləyir.

Xatırladaq ki, 2019-cu ildə ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra Huawei 5G modemlərinə çıxışını itirmiş və bir müddət yalnız 4G dəstəyi olan həllərə, o cümlədən Qualcomm komponentlərinə güvənmək məcburiyyətində qalmışdı. Lakin sonradan şirkət öz texnologiyalarını inkişaf etdirərək bu asılılığı aradan qaldırıb.

Əgər bu plan reallaşarsa, bu addım Huawei-nin bazar strategiyasında mühüm dəyişiklik kimi qiymətləndirilə bilər və 5G texnologiyasına tam keçidin sürətləndirilməsi məqsədi daşıyacaq.

Qeyd edək ki, şirkət yaxın zamanda başqa bir qərar da açıqlayıb. Yeni smartfon modellərində ekran üzərində əvvəlcədən yapışdırılmış qoruyucu plyonkadan imtina ediləcək. Bu addım cihazların ekranlarının daha davamlı olması ilə izah olunur.

MONETAR.AZ