Neftin qiyməti yenidən 100 dolları keçdi

Neftin qiyməti yenidən

Yaxın Şərqdə enerji infrastrukturu ətrafında gərginliyin artması fonunda dünya bazarında neftin qiyməti yenidən 100 ABŞ dollarını ötüb.

Məlumata görə Oman hökumətinin ölkənin mühüm ixrac məntəqələrindən biri olan Mina Əl-Fəhal neft terminalında bütün gəmiləri təhlükəsizlik məqsədilə təxliyə etməsi və İraq sularında iki neft tankerinə hücum edilməsi bazarlarda narahatlığı artırıb.

Bu hadisələrdən sonra Brent markalı neftin qiyməti 10,5 faizədək artaraq bir barel üçün 101,59 dollara yüksəlib. ABŞ-ın WTI markalı xam nefti isə 96 dollar səviyyəsinə yaxınlaşıb.

Mina Əl-Fəhal terminalı Hörmüz boğazından kənarda yerləşir və Yaxın Şərq neftinin qlobal bazarlara çıxarıldığı azsaylı limanlardan biri hesab olunur.

İraqda tanker hücumlarından sonra neft terminallarında əməliyyatlar müvəqqəti dayandırılıb. Hörmüz boğazında vəziyyətin kəskinləşməsi səbəbindən İraq hasilatı azaltmağa başlayan ilk Körfəz ölkələrindən biri olub. Daha sonra Küveyt və Səudiyyə Ərəbistanı da hasilatı məhdudlaşdırmaq qərarı verib.

İstehsalda yaranan bu azalma fonunda Beynəlxalq Enerji Agentliyi bazara rekord həcmdə – 400 milyon barel strateji neft ehtiyatının buraxılmasını qərara alıb. Bu göstərici 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bazara çıxarılan həcmdən də yüksəkdir.

ABŞ da qiymətləri sabitləşdirmək məqsədilə əlavə olaraq 172 milyon barel neftin bazara buraxılacağını açıqlayıb.

Hazırda dünyada gündəlik neft istehlakı 100 milyon bareldən bir qədər çoxdur. Körfəz ölkələrinin hasilatında baş verən azalma isə bu həcmin təxminən 6 faizinə bərabərdir. Ekspertlər Yaxın Şərqdəki gərginliyin davam edəcəyi təqdirdə təchizatın daha da azalmasının mümkün olduğunu bildirirlər.

MONETAR.AZ