Dünya bazarlarında qızılın qiyməti ABŞ dollarının möhkəmlənməsi və neftin bahalaşmasının faiz endirimi ilə bağlı gözləntiləri zəiflətməsi fonunda cüzi azalıb.
Ticarət sessiyası zamanı qızıl gün ərzində təxminən 1 faizə yaxın ucuzlaşsa da, sonradan itkilərin bir hissəsini bərpa edib. Nəticədə spot qızılın qiyməti 0,1 faiz azalaraq bir unsiya üçün 5 172,86 ABŞ dolları səviyyəsində qərarlaşıb. ABŞ-da aprel ayı üzrə qızıl fyuçersləri isə 5 178 dollar səviyyəsində sabit qalıb.
ABC Refinery şirkətinin qlobal institusional bazarlar üzrə rəhbəri Nikolas Frappell bildirib ki, Yaxın Şərqdə davam edən gərginliyin yaxın müddətdə başa çatacağına dair hər hansı əlamət yoxdur. Onun sözlərinə görə, Hörmüz boğazının faktiki bağlanması qızıl qiymətlərinə dəstək verən əsas amillərdən biridir.
Ekspert qeyd edib ki, bazarda qızıl satışını stimullaşdıracaq aydın səbəb görünmür və buna görə də mümkün qiymət enişləri investorlar tərəfindən alış fürsəti kimi dəyərləndirilə bilər.
ABŞ dollarının 0,1 faiz bahalaşması isə dollarla qiymətləndirilən qızılı digər valyutalardan istifadə edən investorlar üçün daha baha edib.
Bu arada İran ticarət gəmilərinə hücumlardan sonra neftin qiymətinin bir barel üçün 200 dollara qədər yüksələ biləcəyi barədə xəbərdarlıq edib. Mövcud vəziyyətlə əlaqədar Beynəlxalq Enerji Agentliyi 1970-ci illərdən bəri müşahidə olunan ən böyük neft şoklarından birinin qarşısını almaq məqsədilə strateji ehtiyatların geniş miqyasda bazara buraxılmasına çağırıb.
Məlumata görə, Hörmüz boğazında olan tanker gəmiləri bir həftədən çoxdur gözləmə vəziyyətindədir. Saxlama tutumlarının dolmağa yaxınlaşması səbəbindən bəzi istehsalçıların hasilatı dayandırdığı bildirilir.
Digər qiymətli metallarda isə spot gümüşün qiyməti 0,3 faiz azalaraq 85,49 dollara düşüb. Platin 0,1 faiz artaraq 2 171,19 dollara, palladium isə 0,8 faiz bahalaşaraq 1 650,52 dollara yüksəlib.
MONETAR.AZ