ABŞ administrasiyası Strateji Neft Ehtiyatından 172 milyon barel neftin bazara buraxılacağını açıqlayıb.
ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, Beynəlxalq Enerji Agentliyinə üzv olan 32 ölkə ABŞ prezidenti Donald Trampın enerji qiymətlərini aşağı salmaq məqsədilə strateji ehtiyatlardan koordinasiyalı şəkildə 400 milyon barel neft və neft məhsullarının bazara çıxarılması təşəbbüsünü yekdilliklə dəstəkləyib.
Açıqlamada qeyd olunub ki, bu təşəbbüs çərçivəsində prezident Donald Tramp Energetika Nazirliyinə gələn həftədən etibarən Strateji Neft Ehtiyatından 172 milyon barel neftin bazara buraxılması üçün səlahiyyət verib.
Məlumata görə, həmin neftin bazara çıxarılması prosesi təxminən 120 gün davam edəcək.
Bununla yanaşı, strateji ehtiyatların gələn il ərzində yenidən doldurulması planlaşdırılır. Bildirilir ki, ehtiyatlar təxminən 200 milyon barel həcmində, yəni çıxarılacaq neftdən təxminən 20 faiz çox olmaqla bərpa ediləcək və bu proses vergi ödəyiciləri üçün əlavə xərc yaratmayacaq.
MONETAR.AZ