Dünya bazarında neft qiymətləri cümə axşamı Asiya ticarətinin əvvəlində kəskin yüksəlib. Buna səbəb Fars körfəzinin şimal hissəsində, İraq və Küveyt yaxınlığında iki neft tankerinə hücum edilməsi ilə bağlı yayılan xəbərlər olub. Hadisə fonunda enerji bazarlarında tədarükün pozulacağı ilə bağlı narahatlıqlar artıb. Gərginlik həm də ABŞ və İsrailin İran ilə davam edən münaqişəsi ilə əlaqələndirilir.
West Texas Intermediate crude oil üzrə fyuçerslərin qiyməti Bakı vaxtı ilə səhər saatlarında 6,5% artaraq bir barel üçün 91,58 dollar səviyyəsinə çatıb.
Mediada yayılan məlumatlara görə, beynəlxalq neft daşıyan iki tanker hücuma məruz qalıb. İnternetdə yayılan görüntülərdə tankerlərin alov içində olduğu görünür. İraqın bəzi media kanalları hücumun arxasında İranın dayandığını iddia edib.
Bu hadisə İranla bağlı davam edən hərbi gərginliyin növbəti mərhələsi kimi qiymətləndirilir. Münaqişə bugün artıq 13-cü gününə daxil olub və hələlik gərginliyin azalacağına dair əlamət görünmür.
Tankerlərə hücumlar xüsusilə Hörmüz boğazı ilə bağlı riskləri artırıb. İran daha əvvəl xəbərdarlıq edib ki, bu əsas dəniz marşrutu ilə neft daşınmasına imkan verməyə bilər. Qeyd olunur ki, bu boğazdan dünya neft tədarükünün təxminən 20%-i keçir.
Buna baxmayaraq, neft qiymətləri hələ həftəlik maksimum səviyyəyə çatmayıb. Bir sıra ölkələrin bazara əlavə neft çıxarmağa hazırlaşması mümkün təchizat şokunu qismən yumşaldır. Məlumatlara görə, Beynəlxalq Enerji Agentliyi rekord həcmdə – 400 milyon barel nefti strateji ehtiyatlardan bazara buraxmağa hazırlaşır.
Eyni zamanda, Donald Trump çərşənbə günü bildirib ki, ABŞ müharibənin yaratdığı enerji şokunu azaltmaq üçün 172 milyon barel nefti Strateji Neft Ehtiyatından bazara çıxaracaq.