Qlobal maliyyə bazarlarında Orta Şərqdə davam edən gərginliyin uzunmüddətli olacağı ilə bağlı narahatlıqlar güclənməkdədir. Enerji qiymətlərində artımın inflyasiya risklərini yüksəltməsi fonunda ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağı gözləntiləri təxminən 50 faizə çatıb.
Analitiklər bildirirlər ki, sərtləşən pul siyasəti fonunda ABŞ dolları möhkəmlənir, bu isə qızılın qiymətinə mənfi təsir göstərir. Nəticədə qızıl son 40 ildən artıq müddətdə ən böyük həftəlik enişini qeydə alıb.
ABŞ fond bazarlarında da eniş müşahidə olunub. Xüsusilə, S&P 500 indeksi həftənin son ticarət gününü 1,5 faiz itki ilə başa vurub. Buna səbəb kimi İranla bağlı hərbi əməliyyatların yaxın zamanda başa çatmayacağına dair xəbərlər və geosiyasi qeyri-müəyyənlik göstərilir.
Məlumatlara görə, ABŞ-ın bölgədə hərbi iştirakını genişləndirə biləcəyi ilə bağlı xəbərlər investorların risk iştahasını azaldıb. Bu fonda ABŞ dövlət istiqrazlarının gəlirliliyi yüksəlib.
Enerji bazarlarında isə qiymətlər yüksək səviyyədə qalmaqda davam edir. Brent nefti hazırda bir barel üçün 113 dollar ətrafında ticarət olunur. İl ərzində həm Brent, həm də digər əsas neft markalarının qiymətində 70 faizdən çox artım qeydə alınıb.
Ekspertlərin fikrincə, neft qiymətləri sabitləşsə belə, müharibənin yaratdığı enerji şokları və bunun nəticəsində formalaşan maliyyə sərtləşməsi qlobal bazarlara təzyiqi uzun müddət davam etdirə bilər.
Qızıl bazarında isə eniş tendensiyası davam edir. Faiz dərəcələrinin yüksəlməsi gözləntiləri gəlir gətirməyən aktiv kimi qızılın cəlbediciliyini azaldır. Nəticədə qiymətlər kəskin geriləyərək son onilliklərin ən zəif həftəlik göstəricisini nümayiş etdirib.
Mütəxəssislər hesab edir ki, bazarlarda əsas risk amili münaqişənin davametmə müddətidir. Müddət uzandıqca, qlobal iqtisadiyyata və maliyyə bazarlarına mənfi təsirlərin daha da güclənəcəyi ehtimal olunur.
MONETAR.AZ