Misin qiyməti 3 ayın ən aşağı səviyyəsinə enib

Misin qiyməti 3 ayın ən aşağı

Orta Şərqdə davam edən müharibə qlobal maliyyə bazarlarında risk iştahını azaldıb, inflyasiya və iqtisadi artım ilə bağlı narahatlıqları gücləndirib. Bu fonda mis qiymətləri son üç aydan artıq müddətin ən aşağı səviyyəsinə geriləyib.

“Qırmızı metal” kimi tanınan mis ötən həftə kəskin ucuzlaşma ilə diqqət çəkib. London Metal Birjası-nda qiymətlər əvvəlki həftə 6,7 faiz azaldıqdan sonra əlavə olaraq 1,8 faizə qədər geriləyib. Bu, 2025-ci ilin aprel ayından bəri ən sərt həftəlik eniş kimi qiymətləndirilir.

Artıq dördüncü həftəsinə daxil olan müharibə neft və qaz qiymətlərini artıraraq qlobal iqtisadi fəallığa mənfi təsir göstərir. Eyni zamanda, inflyasiya təzyiqlərini gücləndirərək mərkəzi bankları daha sərt pul siyasəti yürütməyə məcbur edə bilər.

Ekspertlərin fikrincə, bazar hələ tam sabitləşməyib. Analitiklər qeyd edirlər ki, investorlar həm resessiya, həm də yüksək inflyasiya risklərini qiymətlərə daxil etməyə davam edir.

Digər tərəfdən, Şanxay Fyuçers Birjasında misin tonunun 100 min yuan səviyyəsindən aşağı düşməsi Çin istehsalçıları tərəfindən alış marağını artırıb. Bu isə yerli bazarda müəyyən sabitlik yaradıb.

Son məlumatlara görə, London Metal Birjasında misin qiyməti 0,7 faiz azalaraq tonu11 840 dollara düşüb. Şanxay bazarında isə qiymətlər 2 faiz enərək 92 930 yuan təşkil edib.

Digər əsas metallar da əsasən ucuzlaşıb. Alüminiumun qiyməti 0,4 faiz azalaraq ton başına 3 201,5 dollara enib.

Analitiklər hesab edirlər ki, geosiyasi gərginlik və qlobal iqtisadi qeyri-müəyyənlik davam edərsə, metal bazarlarında dalğalanma yaxın müddətdə də qalacaq.

MONETAR.AZ