ABŞ Ticarət Palatası ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, Azərbaycana ilk biznes missiyasını uğurla başa çatdırıb.
ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Huş Çoksi bildirib ki, bu missiya ABŞ-ın özəl sektoru ilə Azərbaycanın işgüzar dairələri arasında dialoq üçün yeni kanallar açır. Görüşlərdə iqtisadi prioritetlər, investisiya mühiti və energetika, rəqəmsal iqtisadiyyat, nəqliyyat və müdafiə sahələrində uzunmüddətli tərəfdaşlıq məsələləri müzakirə olunub.
Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlon 30 aparıcı ABŞ şirkətinin səfərinin tarixi əhəmiyyətini vurğulayaraq, bunun Cənubi Qafqazda davamlı sülh və rifah vizyonunun həyata keçirilməsinə töhfə verdiyini qeyd edib.
Visa şirkətinin nümayəndəsi Kristina Doros isə bildirib ki, şirkət Azərbaycanın inkişaf edən rəqəmsal ödənişlər ekosistemini dəstəkləyir və innovasiyaların, maliyyə inklüzivliyinin və təhlükəsiz nağdsız ödəniş həllərinin təşviqinə sadiqdir.