Gömrükdə dövlət mülkiyyətinə keçirilmiş mallar hərracda satılacaq

Gömrükdə dövlət mülkiyyətinə keçirilmiş mallar

Fevralın 11-də dövlət mülkiyyətinə keçirilmiş malların təkrar gömrük hərracı keçiriləcək. Hərrac Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə saat 11:30-da Əmlak Xidmətləri Məkanında baş tutacaq.

Təkrar gömrük hərracına avtomobil ehtiyat hissələri, geyim və tekstil məhsulları, elektronika, inşaat və məişət malları, təsərrüfat avadanlıqları, eləcə də tibbi ləvazimatlar çıxarılacaq. Satışa təqdim olunan malların ümumi sayı minlərlə vahidi əhatə edir və onların start qiymətləri müəyyən edilib.

Belə ki, 806 ədəd avtomobil ehtiyat hissəsi 67 min 596 manat start qiyməti ilə, 5 min 300 ədəd geyim və tekstil məhsulu 199 min 423 manat, 5 min 699 ədəd elektronika, inşaat və məişət malları 21 min 865 manat, 996 ədəd tibbi ləvazimat isə 44 min 817 manat start qiyməti ilə hərraca çıxarılır.

Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.

MONETAR.AZ