TikTok-un sahibi olan ByteDance şirkəti öz süni intellekt çipini hazırlayır və onun istehsalı ilə bağlı Samsung Electronics ilə danışıqlar aparır. Bu barədə bugün Reuters məlumatlı mənbələrə istinadən xəbər verib.
Reuters-in hesabatına görə, Çin texnologiya nəhəngi mart ayının sonunadək çiplərin nümunələrini əldə etməyi planlaşdırır və bu il əsasən süni intellekt üzrə inferens tapşırıqları üçün nəzərdə tutulmuş ən azı 100 min ədəd istehsal etməyi hədəfləyir. Gələcəkdə istehsal həcmi 350 min ədədə qədər arta bilər.
Məlumata görə, Samsung ilə aparılan danışıqlara həmçinin dünyada şirkətlərin süni intellekt infrastrukturunu genişləndirməsi fonunda çatışmazlıqda qalan yaddaş çiplərinə mümkün çıxış da daxildir.
Reuters bildirir ki, ByteDance öz çip layihəsi ilə bağlı məlumatların dəqiq olmadığını bəyan edib, lakin detallara varmayıb. Samsung isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
SeedChip kod adı ilə tanınan bu layihə ByteDance-in iri dil modelləri və müvafiq infrastruktur daxil olmaqla süni intellektin inkişafına yönəlmiş daha geniş strategiyasını göstərir. Daha əvvəl Reuters şirkətin Broadcom Inc ilə birlikdə qabaqcıl süni intellekt prosessoru üzərində çalışdığını da xəbər vermişdi.
Hesabatda əlavə olunur ki, ByteDance bu il süni intellekt sahəsində, o cümlədən NVIDIA Corporation çiplərinin alınması daxil olmaqla, 160 milyard yuandan (təxminən 22 milyard dollar) çox vəsait xərcləməyi planlaşdırır.
MONETAR.AZ