Azərbaycanın xarici ticarətinin 43 faizi Avropanın payına düşür

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin müvafiq dövrünə nisbətən 22,6 faiz artaraq 10,4 milyard dolları üstələyib. Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına istinadən məlumat verilir.
Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə ixrac 9,03 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz artım deməkdir. Aİ ölkələrindən Azərbaycana idxalın həcmi isə 1,42 milyard dollar olub ki, bu da 13,5 faiz artımı əks etdirir.
Qeyd edək ki, cari ilin ilk 6 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 42,87 faizə çatıb. Bu göstərici bir il öncəki dövrün göstəricisindən 3,69 faiz bəndi çoxdur ki, bu da Azərbaycanın xarici ticarətində Aİ ilə əlaqələrin güclənməsini nümayiş etdirir.
MONETAR.AZ