Xaicdən gətirilən ərzaq məhsulları- 1 kiloqramı neçəyə başa gəlir?

Azərbaycanın 2025-ci ilin ilk yarısında yeyinti məhsulları idxalının statistik göstəricilərinə əsasən, ümumi idxal dəyəri 1 milyard 279 milyon ABŞ dollarını ötüb və bu, ölkənin ümumi idxalının 11,10 faizini təşkil edib.
Ət məhsullarının idxalı 22 min 396 ton, dəyəri isə 47 milyon 181 min ABŞ dolları olub. Beləliklə, 1 kiloqram ətin idxal qiyməti təxminən 2 dollar 11 sent (təxminən 3,58 manat) təşkil edib. Süd və qaymaq məhsullarının idxal həcmi 8 min 39 ton, dəyəri isə 13 milyon 129 min dollar olub ki, bu da kiloqram üzrə 1 dollar 63 sent (təxminən 2,76 manat) deməkdir.
Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 13 min 555 ton təşkil edib və onun dəyəri 94 milyon 601 min ABŞ dolları olub. Həmin məhsulların 1 kiloqramı təxminən 7 dollar (təxminən 11,86 manat) dəyərində idxal olunub.
Tərəvəz və meyvə idxalı 239 min 278 ton, dəyəri isə 178 milyon 809 min ABŞ dolları təşkil edib. Bu məhsulların 1 kiloqramı 75 sent (təxminən 1,27 manat) civarında qiymətləndirilir.
Çay məhsullarının idxalında 7 min 51 ton həcmində və 42 milyon 851 min dollar dəyərində göstəricilər qeydə alınıb. 1 kiloqram çayın idxal qiyməti təxminən 6 dollar 8 sent (təxminən 10,34 manat) təşkil edib.
Ərzaq məhsullarından buğda idxalı 602 min 255 ton, dəyəri isə 130 milyon 661 min ABŞ dolları olub. Bu göstəricilərə əsasən, buğdanın 1 kiloqramı 22 sent (təxminən 0,37 manat) dəyərində idxal olunub. Qarğıdalının idxalı 36 min 854 ton, dəyəri 13 milyon 941 min dollar, düyünün idxalı isə 30 min 693 ton, dəyəri 29 milyon 43 min dollar olub. Qarğıdalının 1 kiloqramının idxal qiyməti 38 sent (təxminən 0,65 manat), düyünün isə 95 sent (təxminən 1,61 manat) civarındadır.
Bitki və heyvan mənşəli piylər və yağlar məhsullarının idxal həcmi 77 min 67 ton, dəyəri isə 119 milyon 50 min dollar olub. Bu məhsulların 1 kiloqramı təxminən 1 dollar 54 sent (təxminən 2,61 manat) qiymətinə idxal edilib.
MONETAR.AZ