“Azərxalça”nın 149 min manatlıq qonaqpərvərliyi

“Azərxalça”nın 149 min manatlıq

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti tədbirlərin təşkili xidmətlərinin satın alınması ilə bağlı açıq müsabiqə elan edib.

Məlumata görə, müsabiqənin ehtimal olunan qiyməti 149 270 manat təşkil edir. Tender 2026/AT/00471/V2 nömrəsi ilə elan olunub və təkliflərin qəbulu 13 mart 2026-cı il saat 12:00-dək davam edəcək. Zərflərin açılışı da həmin tarixdə həyata keçiriləcək.

Satınalma çərçivəsində bir sıra xidmətlərin əldə olunması nəzərdə tutulur. Bunlara Bakı və regionlarda 4–5 ulduzlu otellərdə qonaqların yerləşdirilməsi, səhər yeməyi daxil olmaqla gecələmə xidmətləri, həmçinin müxtəlif istiqamətlər üzrə aviabiletlərin alınması daxildir.

Tender sənədlərinə əsasən, Avropa istiqaməti üzrə 8 ədəd, Asiya istiqaməti üzrə 8 ədəd, eləcə də Yaxın Şərq istiqaməti üzrə 6 ədəd gediş-dönüş aviabileti satın alınacaq. Bununla yanaşı, Avropa ölkələri üçün 20 ədəd səyahət sığortası da nəzərdə tutulur.

Satınalma paketinə həmçinin Bakı və regionlarda foto və video çəkiliş xidmətləri, Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarətləri üçün 300 ədəd qızılgül, eləcə də yüklərin daşınması və broker xidmətləri daxildir.

Bundan əlavə, tədbirlər çərçivəsində qonaqlar üçün hava limanından ölkədaxili transfer xidmətinin təşkili də planlaşdırılır. Bu xidmətin 2020-ci ildən köhnə olmayan biznes sinif nəqliyyat vasitələri ilə həyata keçirilməsi tələb olunur.

Tender üzrə qalib şirkət həm də xarici ölkələrdən və ölkə daxilindən daşınacaq yüklərin logistikasını və gömrük rəsmiləşdirilməsini təmin etməlidir.

MONETAR.AZ