İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ədalətli, şəffaf və dayanıqlı vergi sisteminin formalaşdırılmasını əsas hədəf kimi müəyyən edib. DVX-nin rəisi Orxan Nəzərli “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda açıqlamalar verib. O bildirib ki, ötən ilin sonunda DVX strukturunda əhəmiyyətli dəyişikliklər həyata keçirilib, yeni qurumlar təsis olunub. Bu qurumlara Strateji Planlaşdırma və Təşkilati Risklərin İdarə Olunması Baş İdarəsi, Daxili Audit Baş İdarəsi və Data Analitika İdarəsi daxildir. "Big Data", süni intellekt və müasir analitika artıq vergi administrasiyalarının gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib.
Orxan Nəzərli vurğulayıb ki, bu yeniliklər fəaliyyətin daha şəffaf, effektiv və nəticəyönümlü qurulması məqsədilə tətbiq edilir. Data analitika vasitəsilə risk modellərinin tətbiqi genişlənir və vergidən yayınmanın müəyyən olunmasında proaktiv rol gücləndirilir. Onun sözlərinə görə, DVX-nin əsas məqsədi davamlı inkişafı dəstəkləyən rəqəmsal ekosistemin yaradılmasıdır. Bu isə yalnız rəqəmsallaşma deyil, məlumatlara əsaslanan ağıllı qərar qəbuletmə mexanizminin təmin edilməsidir. İstifadəçi yönümlü sistemlər, risklərin erkən müəyyənləşdirilməsi və rəqəmsal həllərin siyasət formalaşdırılmasına verdiyi dəstək bu ekosistemin əsas komponentlərini təşkil edir. Bu yanaşma idarəetmədə çevikliyi, operativliyi və nəticəyönümlülüyü artırır.
Cari ildə Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət başçısının rəhbərliyi ilə “Azərbaycanın Yeni Rəqəmsal Arxitekturası” adlı vahid fəaliyyət planı hazırlanıb. Bu plan çərçivəsində rəqəmsal inkişaf, süni intellektin tətbiqi və data mərkəzlərinin yaradılması kimi məsələlər ölkənin uzunmüddətli inkişaf strategiyasında prioritet mövqe tutur. Eyni zamanda, dövlət qurumlarında rəqəmsallaşmanın dərinləşdirilməsi, süni intellekt və kibertəhlükəsizlik sahələrinə xüsusi diqqət göstərilməsi, xidmətlərin vahid platformalar vasitəsilə təqdim olunması strateji vəzifələr kimi müəyyən edilib.
Orxan Nəzərli bildirib ki, vergi inzibatçılığı da bu böyük transformasiya prosesinin ayrılmaz hissəsidir. Gələcəyin vergi sistemi artıq yalnız keçmiş məlumatlara əsaslanmır. Real vaxt rejimində data analitikası, risk əsaslı nəzarət modelləri, süni intellekt və maşın öyrənməsi kimi texnologiyalar sayəsində qərarlar intuisiyaya deyil, faktlara əsaslanır. Bu da həm dövlət, həm də vergi ödəyiciləri üçün daha proqnozlaşdırıla bilən, şəffaf və ədalətli vergi mühitinin yaranmasına imkan yaradır.
MONETAR.AZ