Dünyada ən etibarlı “Made in” etiketləri

Dünyada ən etibarlı

Beynəlxalq sorğunun nəticələrinə əsasən, istehsal olunduğu ölkəni göstərən “Made in” etiketləri istehlakçıların məhsul keyfiyyəti ilə bağlı fikirlərinə ciddi təsir göstərməkdə davam edir. Araşdırma Nuremberg Institute for Market Decisions tərəfindən 2025-ci ilin mart ayında 10 ölkədə 20 min respondent arasında aparılıb.

Nəticələrə görə, ən etibarlı istehsal ölkəsi etiketi Almaniyaya məxsusdur. Respondentlərin 66 faizi “Made in Germany” etiketini ən etibarlı hesab edib. Bu ölkəni İsveçrə (64 faiz) və Yaponiya (63 faiz) izləyir.

Reytinqdə Fransa, İtaliya və Böyük Britaniya hər biri 57 faiz göstərici ilə eyni pilləni bölüşür. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı isə 55 faizlə orta mövqedə qərarlaşıb.

Siyahının aşağı hissəsində isə Çin (31 faiz), Meksika (28 faiz) və Hindistan (27 faiz) yer alıb.

Araşdırma göstərir ki, Avropa ölkələri etibarlılıq baxımından ümumi üstünlük təşkil edir. Xüsusilə Almaniya yüksək keyfiyyətli avtomobil və sənaye məhsulları ilə formalaşmış müsbət imicini qoruyur.

Ekspertlərin fikrincə, ölkə mənşəyi ilə bağlı etiketlər hələ də məhsul keyfiyyətinin qiymətləndirilməsində mühüm rol oynayır, lakin bu etimad səviyyəsi regionlar və ölkələr üzrə ciddi şəkildə fərqlənir.

 MONETAR.AZ