2026-cı il üçün hazırlanmış yeni qlobal reytinqə əsasən, uşaqların böyüdülməsi üçün ən əlverişli şəhərlər müəyyənləşdirilib. Araşdırma müxtəlif meyarlar – təhlükəsizlik, yaşayış xərcləri, təhsil, yaşıl zonalar, valideyn məzuniyyətləri və uşaqlar üçün imkanlar əsasında hazırlanıb.
Reytinqdə birinci yeri Brisben tutur. Şəhər geniş parkları, yüksək həyat keyfiyyəti və ailələr üçün əlverişli mühiti ilə seçilir. İkinci yerdə London, üçüncü pillədə isə Oklend qərarlaşıb.
İlk onluqda həmçinin Helsinki (4-cü yer), Sidney (5-ci yer), Pert (6-cı yer) və Melburn (7-ci yer) kimi şəhərlər yer alır. Siyahı göstərir ki, xüsusilə Avstraliya ailə üçün əlverişli şəhərlərin sayına görə liderdir.
Avropa şəhərləri də yüksək nəticələr göstərib. Stokholm (8-ci yer) və Berlin (9-cu yer) ilk onluğa daxil olub. Ümumilikdə, Avropa ailə həyatı üçün balanslı sosial imkanlar və inkişaf etmiş infrastruktur ilə seçilir.
Asiya regionundan Seul ilk onluğu tamamlayır (10-cu yer). Daha aşağı pillələrdə isə Paris (11-ci), Nyu-Dehli (12-ci) və Praqa (13-cü) kimi şəhərlər qərarlaşıb.
Diqqət çəkən məqamlardan biri də Amerika qitəsində yerləşən şəhərlərin ilk 25-liyə düşə bilməməsidir. Məsələn, Nyu-York siyahıda yalnız 29-cu yerdədir.
Ekspertlərin fikrincə, yüksək reytinq qazanan şəhərləri fərqləndirən əsas amillər təhlükəsizlik, sosial təminat, təhsil səviyyəsi və uşaqlar üçün yaradılmış geniş imkanlardır. Bu göstəricilər ailələrin yaşayış yeri seçərkən əsas meyarlar kimi ön plana çıxır.
MONETAR.AZ