Beynəlxalq Fonoqrafiya Sənayesi Federasiyası (IFPI) 2026-cı il üçün illik “Global Music Report” hesabatını açıqlayıb. Hesabata görə, 2025-ci ildə qlobal yazılı musiqi gəlirləri 6,4 faiz artaraq 31,7 milyard dollara çatıb və ardıcıl on birinci il artım qeydə alınıb.
Məlumata görə, artımın əsas səbəbi ödənişli musiqi yayım (streaming) xidmətlərinə abunəçilərin sayının davamlı şəkildə çoxalmasıdır. Hazırda bu sahə qlobal musiqi gəlirlərinin təxminən 70 faizini təşkil edir.
2025-ci ildə musiqi platformaları 85 milyon yeni istifadəçi cəlb edib. Beləliklə, ödənişli abunəçilərin ümumi sayı 837 milyona çatıb. Bu artım xüsusilə “Spotify”, “Apple Music” və digər rəqəmsal platformaların geniş yayılması ilə əlaqələndirilir.
Statistikaya əsasən, ödənişli musiqi abunəçilərinin sayı son onillikdə sürətlə artıb. 2010-cu ildə cəmi 8 milyon olan istifadəçi sayı 2016-cı ildə 100 milyonu, 2018-ci ildə 250 milyonu, 2021-ci ildə isə 500 milyonu keçib.
Mütəxəssislər bildirirlər ki, mövcud artım tempi qorunarsa yaxın 2-3 il ərzində musiqi yayım xidmətlərinin ödənişli istifadəçilərinin sayı 1 milyarda çata bilər. Bu isə hələ bir neçə il əvvəl əlçatmaz görünən göstərici hesab olunurdu.
Qeyd edək ki, hesabatda təqdim olunan məlumatlar IFPI-nin 2026-cı ilin mart ayında dərc etdiyi Qlobal Musiqi Hesabatına əsaslanır.
MONETAR.AZ