24 Mart – Ümumdünya Vərəmlə Mübarizə Günüdür

 24 Mart – Ümumdünya Vərəmlə

Hər il martın 24-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. Bu gün 1882-ci ildə alman mikrobioloq Robert Koxun vərəmin törədicilərini kəşf etməsinin xatirəsinə təsis edilib. 1905-ci ildə Kox tibb sahəsində Nobel mükafatına layiq görülüb.

1982-ci ildə ÜST və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə martın 24-nü rəsmi gün olaraq elan edib.

Vərəm xəstəliyi əsasən hava-damcı yolu ilə yayılan infeksiyadır. İnsan orqanizminə tənəffüs yolları, qida, dəri və digər yollarla daxil ola bilər. Xəstəliyi törədən mikroblar uzun müddət yaşayır və müxtəlif əşyaların üzərində 6-8 aya qədər qala bilir. Ona görə də qab-qacaq, paltar, dəsmal və digər məişət əşyaları vasitəsilə yoluxma mümkündür. Vərəm, adətən, dərhal özünü göstərmir; simptomlar bir neçə ay və ya bir il ərzində ortaya çıxa bilər. Yoluxma zamanı orqanizmin immun sistemi önəmli rol oynayır.

Vərəmlə mübarizə gününün simvolu ağ çobanyastığıdır. XIX əsrin sonları – XX əsrin əvvəllərində Cenevrədə gənclər ağ çobanyastığı tutaraq küçələrdə vərəmli xəstələr üçün ianə toplayıblar. Sonra bu aksiyalar Avropanın digər ölkələrində də keçirilməyə başlanıb. Danimarka və Norveçdə çiçəyin satışı vərəmə qarşı mübarizə təşkilatlarının ixtiyarına verilib.

ÜST-nin məlumatına görə, dünyada hər gün 4 400 nəfər vərəm xəstəliyindən həyatını itirir, 30 000 nəfər isə xəstəliyə yoluxur.

Vərəm sağalan xəstəlikdir, lakin ÜST ekspertləri bildirir ki, onun aşkar edilməsi, müalicəsi və sağalması üçün göstərilən səylər hələ yetərli deyil. Hər il vərəmə yoluxan 10 milyon xəstədən təxminən 3 milyonu müalicə almır.

Ümumdünya Vərəmlə Mübarizə Gününün əsas məqsədi əhalinin məlumatlılığını artırmaq, xəstəliyin qarşısının alınması və profilaktikası üçün qlobal səyləri birləşdirməkdir.

MONETAR.AZ