Dünyada ən “əxlaqlı” hesab edilən ölkələr 

Dünyada ən “əxlaqlı” hesab

Peu Research Center tərəfindən 2025-ci ildə keçirilən qlobal sorğunun nəticələrinə əsasən, əksər ölkələrdə insanlar öz həmvətənlərini ümumilikdə əxlaqlı hesab edir. Sorğu 25 ölkəni əhatə edib və iştirakçılardan öz cəmiyyətlərində insanların mənəvi keyfiyyətlərini qiymətləndirmək istənilib.

Nəticələrə görə, siyahıya İndoneziya və Kanada başçılıq edir. Hər iki ölkədə respondentlərin 92 faizi həmvətənlərini əxlaqlı hesab etdiyini bildirib. İlk sıralarda həmçinin İsveç və Hindistan (hər biri 88 faiz), eləcə də Avstraliya (85 faiz) yer alır.

Digər ölkələr arasında Meksika və Yaponiya (83 faiz), Böyük Britaniya (82 faiz) və Niderland (80 faiz) diqqət çəkir.

Araşdırma göstərir ki, iqtisadi inkişaf səviyyəsi və ya cəmiyyətin homogenliyi bu göstəriciyə birbaşa təsir etmir. Məsələn, həm çoxmillətli ölkələr, həm də daha homogen cəmiyyətlər oxşar nəticələr nümayiş etdirir.

Sorğuda ən diqqətçəkən nəticə isə Amerika Birləşmiş Ştatları ilə bağlıdır. ABŞ bu siyahıda istisna təşkil edir: respondentlərin 53 faizi həmvətənlərini əxlaqsız hesab etdiyini bildirib. Bu, sorğuda mənfi rəyin üstünlük təşkil etdiyi yeganə ölkədir.

Mütəxəssislər bu nəticəni ABŞ-da siyasi qütbləşmənin artması, cəmiyyət daxilində parçalanma və uzunmüddətli sosial müzakirələrlə izah edirlər.

Eyni zamanda, bəzi digər ölkələrdə də cəmiyyətə münasibətdə fikir ayrılığı müşahidə olunur. Məsələn, Braziliya və Türkiyə kimi ölkələrdə respondentlərin təxminən yarısı həmvətənlərini əxlaqlı hesab edir. Oxşar vəziyyət Fransa və İtaliya kimi Avropa ölkələrində də müşahidə edilir.

MONETAR.AZ