Aparılan beynəlxalq araşdırmalar insanların xoşbəxtliyinə təsir edən əsas faktorları üzə çıxarıb. Ipsos tərəfindən hazırlanan Qlobal Xoşbəxtlik İndeksinə əsasən, insanların özlərini xoşbəxt hiss etməsində ən mühüm amil sevildiklərini və dəyər verildiyini hiss etmələridir.
29 ölkə üzrə keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 37 faizi məhz bu amili xoşbəxtliyin əsas mənbəyi kimi göstərib. İkinci yerdə ailə və uşaqlar (36 faiz) qərarlaşıb. Bu göstəricilər emosional bağlılıq və ailə dəyərlərinin maddi imkanlardan daha üstün olduğunu nümayiş etdirir.
Araşdırmada psixi sağlamlıq (27 faiz) üçüncü əsas faktor kimi qeyd olunur. Bundan əlavə, insanların həyatları üzərində nəzarət hissi (25 faiz) və maliyyə vəziyyəti (24 faiz) də əsas amillər sırasında yer alır.
Digər tərəfdən, yaşayış şəraiti (20 faiz), həyat yoldaşı ilə münasibətlər (20 faiz) və dostlarla əlaqələr (19 faiz) nisbətən daha aşağı göstəricilərlə siyahıda yer alıb.
Mütəxəssislər bildirirlər ki, nəticələr göstərir ki, insanların xoşbəxtlik anlayışında emosional dəstək, sevgi və ailə münasibətləri həlledici rol oynayır. Bu isə sosial və iqtisadi göstəricilərlə yanaşı, mənəvi dəyərlərin də rifahın formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini təsdiqləyir.
MONETAR.AZ