Avropa ənənəvi qaz vurulması mövsümünə kritik vəziyyətdə daxil olur. Qitənin əsas yeraltı qaz anbarları demək olar ki, boşdur və bu, Aİ ölkələrini mövcud mayeləşdirilmiş təbii qaz (LNG) partiyaları uğrunda Asiya alıcıları ilə sərt və bahalı rəqabətə məcbur edir. Bu barədə Bloomberg məlumat yayıb.
Vəziyyət Avropanın əsas qaz hablarında narahatedici görünür. Gas Infrastructure Europe məlumatına görə, Niderlanddakı qaz anbarlarının doluluq səviyyəsi cəmi 6%-dir. Bu, 2010-cu illərin sonundan bəri ilin bu dövrü üçün ən aşağı göstəricidir.
Regionda ən böyük qaz ehtiyatlarına malik olan Almaniya-da da vəziyyət qeyri-adidir. Ehtiyatlar təxminən 22% səviyyəsindədir. Ümumilikdə isə Avropada qaz anbarlarının doluluq səviyyəsi təxminən 28% təşkil edir ki, bu da 2022-ci il enerji böhranının pik dövründən bəri ən zəif nəticədir.
Dan Jørgensen Aİ ölkələrinə rəsmi müraciət edərək qazın mümkün qədər tez anbarlara vurulmasına çağırıb. Məqsəd blok daxilində nəzarətsiz rəqabətin qarşısını almaq və yay aylarında qiymətlərin daha da artmasının qarşısını almaqdır.
Bundan əlavə, Brüssel misli görünməmiş addım ataraq üzv ölkələrə qış mövsümünə qədər qaz anbarlarının doldurulması üzrə hədəfi 90%-dən 80%-ə endirməyi və Aİ direktivlərində nəzərdə tutulan bütün hüquqi güzəştlərdən maksimum istifadə etməyi tövsiyə edib.