Dövlət qulluqçularının maaş artımı: Müsbət addım, və risklər

Dövlət qulluqçularının maaş artımı:
Dövlət qulluqçularının maaşlarının artırılması ilə bağlı münasibət bildirməməyimin səbəbini soruşurlar.
Əvvəla, dövlət qulluqçularının maaşları artıb, lakin deyildiyi qədər bir neçə dəfə deyil. Obyektivlik naminə deyək ki, bu sahədə xaotik vəziyyət mövcud idi. Dövlət qulluqçusu faktiki aldığı maaş, əlavələr, mükafatlar və sair birləşdirildi. Əlbəttə, bir çox sahələrdə artımlar da oldu. Bu önəmli addımın MÜSBƏT TƏRƏFLƏRİ DƏ VAR, RİSKLİ TƏRƏFLƏRİ DƏ. Öncə müsbət tərəflərindən başlayaq:
- Dövlət qulluqçusunun illik qazancında əmək haqqının (baza hissəsinin) payı kifayət qədər yüksəldi. Bu isə ölkədə əmək haqqı sahəsində statistik göstəricilərin daha obyektiv göstəriciyə yaxınlaşmasına birbaşa töhfə verdi;
- büdcə proqnozlaşdırılması daha da sadələşdi, şəffaflaşdı;
- hər bir dövlət müəssisəsinin, o cümlədən publik hüquqi şəxslərin səmərəlilik və əmək məhsuldarlığı göstəricilərinin hesablanması sadələşdirildi, asanlaşdı;
- nəticədə orta əmək haqqı artır. Nəzərə alaq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, minimum aylıq əmək haqqının məbləğinə hər il azı bir dəfə yenidən baxılması təmin edilib. Bu önəmli yeni qayda sosial müdafiənin gücləndirilməsi məqsədilə minimum maaşların ildə ən azı bir dəfə artırılmasını qanuniləşdirir. Beynəlxalq qəbul olunmuş bençmarka əsasən minimum əmək haqqı orta əmək haqqının ən azı 60%-i həcmində olmalıdır. Minimum əmək haqqının orta əmək haqqının 60%-dən az olması cəmiyyətdə gəlir bərabərsizliyini göstərən əsas indikatorlardan biridir;
- minimum əmək haqqının artımı median əmək haqqının artımını da şərtləndirir ki, bu da median və orta əmək haqları arasındakı fərqin azalmasına töhfə verəcək;
- minimum əmək haqqının artımı özəl sektorda müəyyən maliyyə yükü formalaşdırır. Bu yükün kompensasiyası üçün dünya praktikasında tətbiq olunan müxtəlif reseptlər, yanaşmalar vardır ki, bu haqda da düşünüləcəyi ehtimalı artır;
- dəyişiklikdən sonra formalaşan daha sadə və obyektiv sistem dövlət qulluqçusu olmaq istəyən və olan gənc mütəxəssislər üçün stimul, motivasiya yaradır;
- dövlət qulluqçularının əmək fəaliyyətlərinin və səmərəliliyin ölçülməsi, əməyin ödənişi zamanı subyektiv yanaşmalar minimuma enir və sair...
Əsas müsbət tərəfləri qeyd etdikdən sonra formalaşan risklərə nəzər salaq:
- vacib və önəmli olan bu addımın növbəti mərhələlərdə faydası o zaman daha da yüksək olacaq ki, dövlət sektoruna həqiqətən savadlı və peşəkar kadrlar cəlb olunsun. Əks halda ixtisarlar, kiçilmələr, birləşmələr zamanı yüksək əmək haqlarına görə nepotizm, yerlibazlıq, tayfabazlıq, ancaq özümüzünkülər prinsipi ilə diletant, təcrübəsiz, layiqlik prinsiplərinə cavab verməyən kadrların dövlət qulluğunda və/və ya sektorunda saxlanılaraq, yararlı, peşəkar kadrların küsdürülməsi, uzaqlaşdırılması, kənarda saxlanılması riskləri arta bilər. Müşahidələr göstərir ki, açığı bu risk çox böyükdür;
- maaş artımları, sosial rifahın artırılması paralel olaraq peşəkarlığın, işə vicdanla yanaşmanın, səmərəliliyin, nəticəyönümlüyün artması ilə nəticələnməsə tamamilə əks effekt verə bilər. Nə üçün? Hansı şərtlərdə? Hansı senarilərdə? Nəticə nə üçün daha riskli ola bilər və sair suallara cavab vermirəm. Çünki, uzun və dərin məsələlərə baş vurmalı olarıq;
- özəl sektorun maaş artımlarını həyata keçirə bilməsi üçün bir çox şərtlər dəyişməlidir. İncə və geniş mövzudur;
YEKUN OLARAQ, təqdirəlayiq haldır ki, fiskal siyasət ilkin mərhələdə öz vəzifəsini yerinə yetirdi. Orta və uzun müddətə hesablanmış bu doğru və vacib addım atılmaqla illərlə formalaşmış xaotik vəziyyətə son qoyuldu. Ən əsası isə, mesaj verildi ki, dövlət qulluqçularının maaş və sosial rifahının artırılması təmin edilir, yəni dövlət öz qulluqçularının və onun (dövlət) sektorunda işləyənləri düşünür ki, onlar da (dövlət qulluqçuları və dövlət sektorunda işləyənlər) aldıqları maaşın mənbəyini, (mənbə özəl sektordan gələn vergilər və resurs pulları olduğu üçün) yəni, özəl sektoru və xalqın rifahını daha çox düşünsünlər. Daha çox düşünmək kifayət deyil, bu rifahın artması, iqtisadiyyatın güclənməsi üçün hər bir dövlət qulluqçusu öz sahəsində səmərəlilik, əmək məhsuldarlığı və keyfiyyəti daha da artırsın. Dövlət sektoru yüksək peşakar kadrları üçün dövlətə xidmət imkanlarının olduğu sahə kimi beyinlərə həkk olunsun, nəinki dolanacaq mənbəyi və sektoru kimi.
Gördüyümüz kimi, bu maaş artımları ilə yaradılmış imkanlar düzgün dəyərləndirilsə, kadr məsələlərində hər bir qurum daha fərqli yanaşmalar sərgiləsə, bu artımlar müsbət təsirlərlə digər sahələrin də böyüməsinə səbəb olacaq. Əgər qeyd etdiyim və etmədiyim bir çox istiqamətlərdə keyfiyyət dəyişiklikləri olmasa, maaş artımları sadəcə kəmiyyət dəyişiklikləri ilə xarakterizə olunsa, o halda bu artımlar dövlət, özəl sektor, iqtisadiyyat, büdcə və gələcək nəsillər üçün getdikcə ağırlaşan yükə çevrilə bilər.
UNUTMAYAQ! Cəmiyyət hər kəsin maaşını bildiyi üçün həm dövlət, həm də cəmiyyət tərəfindən daha çox tələbin formalaşmasını da dövlət qulluğu sahəsində çalışanlar anlayışla qarşılamalı olacaqlar!
İndiyə qədər məsələyə münasibət bildirməməyimin səbəbi də bu artımların nəticələrinin ölçülməsi ilə bağlı zamana ehtiyacın olması idi. Nəticələr, bu ilin sonuna doğru özünü göstərəcək!
Elman Sadiqov
İqtisadçı