Vergi siyasəti yalnız büdcə gəlirlərinin artırılması aləti kimi deyil, həm də iqtisadi davranışları formalaşdıran və investisiya qərarlarına təsir edən mühüm mexanizm kimi nəzərdən keçirilməlidir.
Bunu “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda çıxışı zamanı Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov bildirib.
Baş nazirin müavini qeyd edib ki, hazırda dünyada baş verən proseslər fonunda iqtisadi qərarların qəbulu əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və çoxölçülü xarakter daşıyır. Onun sözlərinə görə, qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artması, geosiyasi risklər, enerji bazarlarında volatillik və maliyyə axınlarının dəyişkənliyi dövlətlər qarşısında yeni çağırışlar formalaşdırır.
Samir Şərifov bildirib ki, belə şəraitdə əsas məsələ qısamüddətli reaksiyalar vermək deyil, dayanıqlı və adaptiv iqtisadi idarəetmə modelini qorumaqdır. Onun sözlərinə görə, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi siyasəti qlobal proseslərdən təcrid olunmuş şəkildə deyil, onların real təsirləri nəzərə alınmaqla formalaşdırılır.
Baş nazirin müavini vurğulayıb ki, dünya iqtisadiyyatında müşahidə olunan proseslər makroiqtisadi sabitliyin öz-özünə formalaşmadığını göstərir. Bu sabitlik ardıcıl iqtisadi siyasət, ehtiyatlı fiskal yanaşma və institusional qərarların nəticəsi kimi meydana çıxır. Onun sözlərinə görə, bir çox ölkələr artan büdcə kəsirləri, borclanma təzyiqləri və inflyasiya riskləri ilə üzləşdiyi halda, Azərbaycan fiskal siyasətdə balansı qorumağa nail olan nadir ölkələr sırasındadır.
Samir Şərifov əlavə edib ki, neft-qaz sektorunda baş verən dəyişikliklər və enerji bazarlarında qiymətlərin yüksək dəyişkənliyi yeni iqtisadi reallıq formalaşdırır. Bu şəraitdə iqtisadi idarəetmədə daha çevik yanaşma və qeyri-neft gəlirlərinin artırılması xüsusi əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə hazırkı mərhələdə vergi siyasətinin rolu daha da artır. Vergilər yalnız büdcə gəlirlərinin artırılması vasitəsi kimi deyil, həm də iqtisadi fəallığı təşviq edən, investisiya mühitinə təsir göstərən və sosial balansı qoruyan mühüm alət kimi qiymətləndirilməlidir.
MONETAR.AZ