Azərbaycanın topdansatış ticarət dövriyyəsinin strukturu üzrə aparılan müqayisə son 10 ildə ərzaq bazarında mühüm dəyişikliklərin baş verdiyini göstərir. 2015–2024-cü illər ərzində bir sıra məhsul qrupları üzrə yüksək artım, digərlərində isə kəskin azalma müşahidə olunub.
Məlumatlara əsasən, təzə meyvə və tərəvəz üzrə dövriyyədə 27,6 faiz azalma qeydə alınıb. 2015-ci ildə bu kateqoriyanın dövriyyəsi 2,6 milyard manat olduğu halda 2024-cü ildə 1,89 milyard manata düşüb. Bunun əksinə olaraq, emal edilmiş meyvə və tərəvəz məhsulları üzrə 27 faiz artım baş verib.
Ət bazarında da azalma müşahidə edilir. Ət üzrə topdansatış dövriyyəsi 18,2 faiz, ət məhsullarında isə 1 faiz enib. Bununla yanaşı, süd məhsulları seqmentində çox böyük artım qeydə alınıb – 113,5 faiz. Yumurta dövriyyəsi də 34,4 faiz yüksəlib.
Ən yüksək artımlardan biri qida yağları və piyləri qrupunda müşahidə olunub. Bu kateqoriya 203,9 faiz artım göstərib. Şirələr, mineral sular və spirtsiz içkilər üzrə dövriyyə də 96,7 faiz artıb.
Bir sıra qruplarda ciddi azalmalar diqqət çəkir. Spirtli içkilər üzrə dövriyyə 43,3 faiz, şəkərdə isə 42,8 faiz azalma baş verib. Balıq və dəniz məhsulları qrupunda azalma daha kəskindir – 51,6 faiz.
Eyni zamanda, bəzi kateqoriyalarda rekord artımlar qeydə alınıb. Homogenləşdirilmiş və tibbi məqsədli qida məhsulları üzrə dövriyyə 554 faiz, digər ərzaq məhsulları üzrə isə 153 faiz artıb. Tütün məmulatları kateqoriyasında isə artım 269 faiz təşkil edib.
Şokolad və qənnadı məmulatları (+30,6 faiz), çörək-bulka məmulatları (+28,4 faiz), qəhvə, çay və ədviyyat (+29 faiz) qruplarında da sabit artım müşahidə olunur.
Açıqlanan rəqəmlər göstərir ki, son illər ərzində istehlak strukturu dəyişib, emal olunmuş məhsullara, hazır qida və içkilərə tələbatın artdığı, bəzi ənənəvi ərzaq qruplarında isə azalma müşahidə olunduğu görünür.
MONETAR.AZ