İqtisadiyyatın rəqəmsal infrastrukturla təminatı və müəssisələrin transformasiyası gücləndiriləcək
Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı və müəssisələrin müasir texnologiyalara uyğunlaşdırılması istiqamətində yeni tədbirlər paketi hazırlanıb.
Bu Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"da öz əksini tapıb.
Strategiya rəqəmsal infrastrukturun gücləndirilməsi, yeni texnologiyaların tətbiqi və biznes sektorunda transformasiya prosesinin sürətləndirilməsini əsas prioritet kimi müəyyən edir.
Əsaslandırma
Sənədə əsasən, rəqəmsal infrastrukturun inkişafı milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, ixrac imkanlarının genişləndirilməsi və idarəetmədə səmərəliliyin yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır. Rəqəmsal transformasiya istehsal və xidmət sahələrində innovativ yanaşmaların tətbiqini, resurslardan daha səmərəli istifadəyə şərait yaratmağı və yeni biznes modellərinin formalaşmasını təmin edəcək.
Bu proses həmçinin məhsul və xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılmasını, qlobal bazarlara inteqrasiyanın dərinləşdirilməsini və ixracın şaxələndirilməsini sürətləndirəcək.
Görüləcək tədbirlər
Strategiyada aşağıdakı istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
-
Müəssisələrin rəqəmsal həllərə çıxışını təmin etmək üçün “Rəqəmsal həllər və xidmətlər platforması” yaradılacaq;
-
Yerli və beynəlxalq texnologiya təminatçılarını əhatə edən tərəfdaşlar bazası və reyestri formalaşdırılacaq;
-
Süni intellekt və robot texnologiyaları kimi yeni nəsil texnologiyaların tətbiqi üçün yol xəritəsi hazırlanacaq;
-
Dövlət–özəl tərəfdaşlığı əsasında özəl data mərkəzlərinin yaradılması üçün stimullaşdırıcı mexanizmlər tətbiq ediləcək;
-
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” hazırlanacaq və özəl sektorun rəqəmsal transformasiyasına dəstək göstəriləcək;
-
“Yeni Nəsil Texnologiyalar Mərkəzi” yaradılacaq və təlim–tətbiq mexanizmləri qurulacaq;
-
KOB-ların korporativ idarəetmə sistemləri və proqram təminatlarına (anbar idarəetməsi, satış, ixrac modulları) əlçatanlığı artırılacaq;
-
Yerli İKT məhsullarının istehsalının genişləndirilməsi üçün dəstək mexanizmləri formalaşdırılacaq;
-
Böyük müəssisələrlə KOB-lar arasında rəqəmsal təchizat zənciri klasterləri yaradılacaq.
Gözlənilən nəticələr
Tədbirlərin icrası nəticəsində:
-
Müəssisələrin rəqəmsal dəstək proqramlarından daha geniş istifadə imkanı təmin ediləcək;
-
KOB-ların rəqəmsallaşma səviyyəsi və ixrac imkanları davamlı artacaq;
-
Yerli texnologiya təminatçılarının bazar payı genişlənəcək, İKT ixracı artacaq;
-
Yeni texnologiyaların tətbiqi sayəsində əməliyyat səmərəliliyi 5–10 faiz yüksələcək;
-
Azərbaycanda 2-dən çox beynəlxalq standartlara uyğun data mərkəzi fəaliyyət göstərəcək;
-
Ümumilikdə rəqəmsal iqtisadiyyatın və İKT sektorunun qeyri-neft ÜDM-də payı artacaq.
Risklər və onların azaldılması yolları
Əsas risklər kimi müəssisələrin rəqəmsal transformasiyaya marağının azlığı, infrastruktur və maliyyə imkanlarının məhdudluğu, ixtisaslı kadr çatışmazlığı və qurumlararası koordinasiya problemləri göstərilir.
Bu risklərin aradan qaldırılması üçün:
-
Vergi güzəştləri və subsidiyalar tətbiq ediləcək;
-
Texnologiya transferi dəstəklənəcək;
-
Genişmiqyaslı təlim proqramları həyata keçiriləcək;
-
Dövlət–özəl tərəfdaşlığı mexanizmləri gücləndiriləcək;
-
Vahid koordinasiya platforması yaradılacaq.
MONETAR.AZ