Bu ilin yanvar–fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə 3 milyard manatdan çox vəsait daxil olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % az, lakin proqnozla müqayisədə 2,7 % çoxdur.
Hesabat dövründə vergi daxilolmalarının 2 milyard 286,5 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 % artım deməkdir.
Eyni zamanda, bu sahə üzrə daxilolmalar proqnozu 3,1 % üstələyib. Ekspertlərin fikrincə, bu dinamika qeyri-neft sektorunun iqtisadiyyatda rolunun getdikcə artdığını göstərir.
Xatırladaq ki, cari ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə ümumilikdə 16,91 milyard manat vəsaitin köçürülməsi nəzərdə tutulur.
İlin ilk iki ayının nəticələri göstərir ki, ümumi daxilolmalar ötən illə müqayisədə azalsa da, büdcə proqnozunun icrası təmin olunub və qeyri-neft sektorunda artım tendensiyası davam edir.
MONETAR.AZ