Bitcoin nə qədər bahalaşacaq? - TƏXMİNLƏR

Bitcoin 122 min dollar səviyyəsini aşaraq yeni bir rekorda imza atıb və Amazonu geridə qoyaraq dünyanın ən dəyərli beşinci aktivinə çevrilib. Analiz şirkəti Coinmarketcapın məlumatına görə, qlobal kriptovalyuta bazarının ümumi dəyəri son 24 saat ərzində təxminən 3,18% artaraq 3 trilyon 800 milyard dollara çatıb.
ABŞ mərkəzli qlobal investisiya firması VanEckin rəqəmsal aktivlər üzrə tədqiqatlar rəhbəri Matthew Sigel Bitcoin üçün 2025-ci ilin ümumi hədəf qiymətini 180 min dollar olaraq müəyyən edib.
Fairlead Strategiesin qurucusu Katie Stockton isə texniki analizlərə əsaslanaraq Bitcoinin qısa müddətdə 14%-lik yüksəliş potensialından bəhs edərək hədəfini 134 min 500 dollar olaraq açıqlayıb.
Maliyyə bazarları üzrə analizləri ilə tanınan FinancialMagnetsin proqnozlarına görə iyul ayı üçün Bitcoin baza ssenaridə 115 min dollar, nikbin ssenaridə isə 135 min dollara qədər yüksələ bilər. Bernstein tərəfindən hazırlanan analizdə Bitcoinin ilin sonuna qədər 200 min dollara çatacağı qeyd olunur. CoinMarketCap da VanEckin proqnozunu təkrarlayaraq 2025-ci il ərzində 180 min dollarlıq hədəfin reallığa çevrilə biləcəyini vurğulayıb.
Kripto törəmə birjalarından biri olan Bitgetin tədqiqat direktoru Ryan Lee Bitcoinin orta müddətdə 150 min dollara qədər çata biləcəyini bildirib. Daha uzunmüddətli proqnozlara gəlincə, ABŞ mərkəzli rəqəmsal aktiv idarəetmə firması Bitvays və qlobal bank Standard Chartered 2025-ci il üçün birgə qiymətləndirmələrində Bitcoinin baza ssenaridə 200 min dollar, qabaqcıl korporativ adaptasiya ssenarisində isə 500 min dollara qədər çıxa biləcəyini iddia ediblər.
Amerikalı texnologiya analitiki Gene Munster də 2025-ci ildə Bitcoi-in 150 min dollara çatacağını ifadə etmişdi.
MicroStrateginin qurucusu və Bitcoinin güclü tərəfdarı Michael Saylor isə Praqada etdiyi çıxışda çox uzunmüddətli gözləntisini bölüşərək, təklif məhdudiyyəti və rəqəmsal qıtlığın təsiri ilə Bitcoin-in bir gün 21 milyon dollarlıq səviyyələrə çata biləcəyini söyləyib.
MONETAR.AZ