Citigroup: Gümüş davamlı olaraq bahalaşacaq

Qlobal maliyyə nəhəngi Citigroup Inc.-in son təhlilinə görə gümüş bazarında yüksəliş dalğası davam edəcək və qiymətlər 40 dollar səviyyəsini aşaraq daha da artacaq. Bank analitikləri fiziki tədarükdəki daralma və artan investisiya tələbatını bu proqnozun əsas səbəbi kimi göstəriblər.
Maks Laytonun rəhbərliyi ilə hazırlanan təhlild, gümüş üçün üç aylıq qiymət proqnozu 38 dollardan 40 dollara yüksəldilib. Daha uzunmüddətli – 6-12 aylıq perspektivdə isə qiymətin 43 dollara qədər artacağı qeyd olunub. Bank analitikləri bildiriblər ki, bu yüksəliş yalnız qızılı təqib edən texniki hərəkət deyil, eyni zamanda gümüş bazarındakı fundamental möhkəmliyə əsaslanır.
Citigroup qızıl bazarı ilə bağlı daha ehtiyatlı yanaşma sərgiləyib. Təhlildə qeyd olunub ki, qiymətlərin zirvəyə çatdığı ehtimal olunur və 2026-cı ildə qızılın bir unsiyasının 3 min dollardan aşağı səviyyələrə geriləməsi gözlənilir. Bu, bazarda sabitləşmə və inflyasiya təzyiqlərinin azalma ehtimalı ilə izah olunur.
MONETAR.AZ