Almaniyada sərt iqlim səbəbindən elektrik enerjisi qiymətləri kəskin artıb

Almaniyada sərt iqlim səbəbindən elektrik enerjisi qiymətləri

Almaniya elektrik enerjisi qiymətlərinin sürətlə yüksəlməsi ilə üzləşib. Soyuq hava və zəif külək enerji şirkətlərini son 9 ayda ilk dəfə olaraq kömür, qaz və mazut kimi fosil yanacaqlardan maksimum istifadə etməyə məcbur edib, deyə Bloomberg bildirir.

Həftənin sonuna doğru elektrik bazarında vəziyyət kəskin şəkildə gərginləşib. Epex Spot SE hərracında cümə axşamı axşam saatları üçün çatdırılma qiyməti 198,35 avro olduğu halda, cümə gününə olan qiymət 313,27 avroya yüksəlib. Qonşu Fransada isə cümə günü pik qiymət xeyli aşağı, 223,39 avro/MVt·saat olub.

Ənənəvi yanacağa tələbatın kəskin artması hava şəraitinin dəyişkənliyi qarşısında bərpa olunan enerji mənbələrinə əsaslanan enerji sistemlərinin nə qədər həssas olduğunu göstərir.

Noyabr ayında külək elektrik stansiyalarının istehsalı mövsüm normasından aşağı olub. Bloomberg-in proqnozlarına görə, gələn həftə külək elektrik istehsalının orta gücü cəmi 12,2 GVt olacaq. Halbuki 2020–2024-cü illərin eyni dövründə bu rəqəm 18 GVt təşkil edib.

Defisiti kompensasiya etmək üçün Almaniya kömür, qaz və mazutla işləyən stansiyaları tam gücü ilə işə salıb. İstilik elektrik stansiyalarının ümumi istehsalı 35,5 GVt-a çatıb. Bu, 27 fevraldan bəri ən yüksək göstəricidir.

Mütəxəssislər bildirirlər ki, bu vəziyyət Almaniyanın fosil yanacaqlardan asılılığının hələ də davam etdiyini göstərir. Xüsusən də 2023-cü ildə son atom elektrik stansiyalarının bağlanmasından sonra ölkə sabit və aşağı emissiyalı baza gücü mənbəyini itirib.

Analitiklər xəbərdarlıq edirlər ki, qarşıdakı dövrdə vəziyyət daha da pisləşə bilər. Avropanın enerji bazarları narahatedici hava proqnozları fonunda əlavə defisitə hazırlaşır.

Sinoptiklər ayın sonunda baş verə biləcək “ani stratosfer istiləşməsi” riskinin artdığını bildirirlər. Bu atmosfer hadisəsi Arktikadan Şimali və Mərkəzi Avropaya soyuq hava axını yönəldə bilər. Əgər bu baş verərsə, dekabr ayında region kəskin şaxtalarla üzləşəcək, bu isə istilik tələbatının və elektrik enerjisi qiymətlərinin daha bir sıçrayışına səbəb olacaq.

 

MONETAR.AZ