Saudi Aramco müxtəlif aktivlərin satışını nəzərdən keçirir və bu, şirkətin indiyədək ən böyük aktiv satışlarından biri ola bilər. Bu barədə Bloomberg vəziyyətlə tanış mənbələrə istinadən yazır.
Neft nəhəngi bu planlar çərçivəsində öz neft ixrac və anbar terminallarında payların satış imkanını araşdırır. Potensial satışların məqsədəuyğunluğunu qiymətləndirmək üçün banklar tenderdə iştirak etməyə dəvət olunub. Bu satışlar şirkətə 10 milyard dollardan çox gəlir gətirə bilər.
Aramco bir neçə variantı öyrənir, o cümlədən sövdələşmələr vasitəsilə yeni kapital cəlb edilməsini. Şirkət, həmçinin, BlackRock Inc.-ə məxsus Global Infrastructure Partners qrupunun rəhbərlik etdiyi 11 milyard dollarlıq Cafura qaz layihəsi ilə bağlı aktivlərin lizinqi üzrə son əməliyyata bənzər strukturu istifadə edə bilər.
Cafura ilə bağlı əvvəlki sövdələşmə dünyanın müxtəlif şirkətlərinin böyük marağına səbəb olmuşdu. Bu isə investorlardan artan tələbat fonunda bankirləri aktivlərin satışına dair bir neçə plan təklif etməyə sövq edib. Aramco-nun terminal biznesi xüsusilə gəlirli aktiv hesab olunur.
Şirkət aktivlərin satışına dair rəsmi prosesə artıq gələn ilin əvvəlində başlaya bilər.
MONETAR.AZ