Hindistan bankları artıq Rusiyanın sanksiyaya məruz qalmayan neft tədarükü ilə bağlı əməliyyatların maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırdır. Bloomberg-in məlumatına görə, banklar bunun üçün yalnız “qara siyahıda” olmayan satıcılardan gələn həcmləri və bütün tranzaksiyaların sanksiya tələblərinə uyğunluğunu əsas götürürlər.
Mənbələrin sözlərinə görə, Hindistan bankları Rusiya neftinin idxalı üçün NEZ-lərin (neft emalı zavodlarının) ödəniş sorğularını emal etmək üçün xüsusi komplayens mexanizmi hazırlayıblar. Bunlara BƏƏ-nin dirhəmi və Çin yuanı ilə əməliyyat aparmaq imkanları da daxildir.
Hindistan bankları və neft emalçıları yoxlamaları gücləndiriblər: neftin hasil olunduğu yer, eləcə də tranzit üçün istifadə edilən gəmilər araşdırılır. Prosedura gəmilərin tarixinin təhlili də daxildir, xüsusilə sanksiya tətbiq olunmuş şirkətlərlə əlaqəli ola biləcək “gəmidən gəmiyə” yükləmə əməliyyatlarında iştirakı da aid edilib.
Mənbələr bildirir ki, emalçılar ehtiyatlı davranmaqda davam edirlər: sanksiya altındakı şirkətlərlə əlaqəli istənilən yük ödənişlərin dondurulmasına, bahalı arbitraj riskinə və ya ikinci dərəcəli sanksiyalara səbəb ola bilər.
Sərtləşdirilmiş yoxlamalar sifarişlərin rəsmiləşdirilməsini gecikdirsə də gözləntilərə görə, bu, Rusiya nefti tədarükünün ən azı bir hissəsini qorumağa imkan verəcək.
MONETAR.AZ