Gələn il BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında qum təzahürü ilə bağlı məhdudiyyətlər səbəbindən gündəlik təxminən 8 min barel neft itkisi ilə üzləşə bilər.
Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli Bakıda keçirilən “Xəzər Texniki Konfransı SPE-2025”də bildirib. Onun sözlərinə görə, AÇG-də sabit hasilatı təmin etmək və Avropaya, eləcə də digər bazarlara ixrac tədarüklərini qorumaq üçün müasir texnologiyalar və innovasiyalar vacibdir.
Kristofoli qeyd edib ki, texnologiyalara tələbat çox yüksəkdir: “Bu yaxınlarda BP-nin texnologiya üzrə rəhbəri Bakıya səfər edib. Ona 'Səngəçal' terminalında və dənizdəki əsas çağırışlarımızı göstərdik. Bizə daha uzun üfüqi quyular lazımdır və hələ ki onların optimal şəkildə necə qazıla biləcəyini tam başa düşmürük. Qum ciddi problemdir. Gələn il məhz qumun idarə edilməsi ilə bağlı məhdudiyyətlər səbəbindən gündəlik 8 min barel həcmində itki proqnozlaşdırırıq.”
Eyni tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov Xəzər regionundakı yataqların məhsuldarlığını qorumaq üçün yeni ideyaların və müasir texnologiyaların əhəmiyyətini vurğulayıb.
B. Hüseynov bildirib ki, Xəzər hövzəsi texniki baxımdan ən maraqlı və strateji əhəmiyyətli bölgələrdən biridir: “Bölgədəki layihələr eksperimentlər, texniki sıçrayışlar və uzunmüddətli inkişaflarla zəngin olub. Bütün bunlar dözümlülük, əməkdaşlıq və daimi uyğunlaşma ehtiyacı ilə formalaşıb. Bu, sənayemizin müxtəlif dövrlərdən keçdiyini və hər dəfə inkişaf edərək gücləndiyini göstərir. Xəzər regionu üçün bu xüsusilə vacibdir, çünki aktivlərimizin çoxu yetkinləşib və yeni yanaşmalar tələb edir.”
O əlavə edib ki, Azərbaycandakı və geniş Xəzər regionundakı bir çox yataqlar onilliklərdir ki, hasilat verir: “Lakin onlar hələ də enerji təhlükəsizliyi, iqtisadi sabitlik və bölgənin gələcəyi üçün əsas tərkib hissəsi olaraq qalır. Onların məhsuldarlığını qorumaq üçün yeni ideyalar, müasir texnologiya və yeni bacarıqlara ehtiyacımız var. Bu mənada innovasiya kritik əhəmiyyət kəsb edir.”
MONETAR.AZ