Çin Sarı dənizdə bambuk platforma üzərində quraşdırılmış 100 kilovat gücündə dünyanın ilk üzən günəş elektrik stansiyasını istifadəyə verib. Stansiya avqust ayında istismara verilib. Layihənin detalları barədə “South China Morning Post” məlumat yayıb.
“Cilin-2” adlandırılan stansiya kompozit bambuk borulardan və xüsusi birləşdirici elementlərdən hazırlanıb. Şandun əyalətinin Yantay şəhərinin sahilləri yaxınlığında yerləşən nümayiş bazasındakı qurğu daha böyük layihənin tərkib hissəsidir. Burada istehsal olunan elektrik enerjisindən hidrogen, ammonyak və metanolun kompleks istehsalında istifadə olunacaq.
Layihənin əsas xüsusiyyətlərindən biri ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqidir. Polad və ya polietilendən fərqli olaraq, bambuk konstruksiyaların ətraf mühitə təsirinin daha aşağı olduğu bildirilir. Günəş enerjisindən istifadə etməklə dəniz suyundan hidrogen əldə ediləcək. Daha sonra hidrogen havadan alınan azotla birləşdirilərək ammonyak, tutulan karbon qazı ilə birləşdirilərək isə metanol istehsalında istifadə olunacaq.
Platformanın daşıyıcı konstruksiyası “dəniz bambuk boruları” adlandırılan, ağac və bambuk kompozitindən hazırlanan və liflərlə möhkəmləndirilmiş fermalardan ibarətdir. Bu materialların nəmə, korroziyaya, duzlu dumanın təsirinə və ultrabənövşəyi şüalara davamlılığını artırmaq üçün Pekin Meşəçilik Universitetinin alimləri tərəfindən hazırlanmış texnologiya əsasında xüsusi emaldan keçirilib.
Platforma üzərində aparılacaq monitorinq zamanı “dəniz bambuk boruları”nın uzunmüddətli dayanıqlığı, xarici mühitin təsirlərinə davamlılığı və yorulma xüsusiyyətləri qiymətləndiriləcək. Material özünü doğrultduğu halda, ağac-kompozit konstruksiyaların dənizdə yerləşən günəş elektrik stansiyalarında, enerji adalarında və digər oxşar qurğularda daha geniş tətbiqi nəzərdən keçiriləcək.
Bambuk Asiya, Afrika, Mərkəzi və Cənubi Amerikada geniş yayılan və olduqca sürətlə böyüyən oduncaqlı bitkidir. Çində 2023-cü ildən etibarən plastikdən mümkün qədər çox istifadə sahəsində bambukla əvəzlənməsini təşviq edən proqram həyata keçirilir.
“Cilin-2” stansiyası 2023-cü ildə inşa edilmiş 10 kVt gücündə “Cilin-1” sınaq qurğusunun davamı hesab olunur. Layihə uğurlu nəticələr verərsə, növbəti mərhələdə bambuk konstruksiyalardan istifadə edilən meqavat gücündə dəniz günəş elektrik stansiyasının pilot layihəsinin hazırlanması planlaşdırılır.
MONETAR.AZ