bp “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi “Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər proqramının uğurla başa çatdığını açıqlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, AÇG-nin illik iş proqramı çərçivəsində avqustun 19-dan etibarən 11 gün ərzində həyata keçirilən profilaktik işlər nəzərdə tutulandan əvvəl başa çatdırılıb.
Proqram çərçivəsində bütün işlər təhlükəsizlik tələblərinə tam riayət olunmaqla həyata keçirilib. Hazırda platformada hasilatın tədricən artırılması prosesi davam etdirilir.
Profilaktik işlər proqramına avadanlıqların bütövlüyünün və texniki xidmətinin təmin edilməsi, məşəl sistemində təkmilləşdirmələrin aparılması, etibarlılığın artırılması və aşkar edilmiş anomaliyaların aradan qaldırılması ilə bağlı tədbirlər daxil olub.
Bundan əlavə, “Mərkəzi Azəri” platformasında qazın laylara yenidən vurulması gücünün artırılmasına yönəlmiş “Mərkəzi Azəri Qaz Genişləndirilməsi” (CAGE) layihəsi çərçivəsində də bir sıra işlər görülüb. Layihənin mövcud quyulardan neft hasilatının maksimuma çatdırılmasına töhfə verməsi nəzərdə tutulur.
bp qeyd edib ki, bu cür profilaktik proqramlar normal əməliyyat fəaliyyətinin tərkib hissəsidir. Oxşar işlər şirkətin Xəzər dənizində operatoru olduğu digər platforma və obyektlərdə də mütəmadi olaraq həyata keçirilir.