Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında icbari sığorta bazarında azalma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu seqmentdə yığımların həcmi aşağı düşüb. İcbari sığorta üzrə yığımlar 37 milyon 997 min manat və ya 17,2 faiz azalaraq 183 milyon 360 min manat təşkil edib.
Monetar.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyul aylarında bu göstərici 221 milyon 357 min manat olub.
Azalmanın əsas hissəsi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın payına düşüb. Bu istiqamətdə yığımlar 59 milyon 24 min manatdan 37 milyon 867 min manatadək azalıb.
Daşınmaz əmlakın icbari sığortasında da ciddi geriləmə qeydə alınıb. Bu sığorta növü üzrə yığımlar 26 milyon 176 min manat və ya 43,9 faiz azalaraq 33 milyon 394 min manat təşkil edib.
Bunun əksinə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında artım olub. Bu istiqamətdə yığımlar 9,4 faiz artaraq 111 milyon 394 min manata çatıb.