OpenAI rəhbəri: "Kütlələrin" süni intellektə keçidi daha uzun vaxt aparacaq

OpenAI rəhbəri: "Kütlələrin" süni intellektə keçidi daha

“OpenAI” şirkətinin baş icraçı direktoru Sem Altman süni intellektin genişmiqyaslı tətbiqinin gözlədiyindən daha uzun vaxt aparacağını bildirib. Onun sözlərinə görə, insanlar ənənəvi alətlərə və iş üsullarına “həddindən artıq alışıb” və yeni texnologiyalara keçid gözlənildiyi qədər sürətli baş vermir.

Altman podkastda bildirib ki, iqtisadiyyat və insanların gündəlik vərdişləri böyük inersiyaya malikdir. İstifadəçilərin əksəriyyəti yeni alternativlər ortaya çıxsa belə, əvvəl olduğu kimi eyni şirkətlərdən alış-veriş edir və tanış xidmətlərdən istifadə etməyə davam edir.

O, mövcud vəziyyəti “Netflix”in ilk illəri ilə müqayisə edib. Altmanın sözlərinə görə, həmin dövrdə yeni texnologiya insanların filmləri poçt vasitəsilə əldə etməsinə imkan versə də, Qərb ölkələrində bir çox insan hələ də videokasset icarəsi məntəqələrindən istifadə edirdi. Qeyd edək ki, “Netflix” də fəaliyyətinə məhz DVD-lərin poçt vasitəsilə icarəyə verilməsi xidməti ilə başlayıb.

Bununla yanaşı, Altman süni intellekt sənayesinin texnologiyanın insanlara hansı faydaları gətirə biləcəyini və yarana biləcək problemlərdən necə yayınmağın mümkün olduğunu cəmiyyətə kifayət qədər yaxşı izah etmədiyini bildirib.

Buna baxmayaraq, “OpenAI” rəhbəri süni intellektə keçid prosesinin insanların düşündüyündən daha rəvan baş verəcəyinə ümid etdiyini vurğulayıb.

MONETAR.AZ