Hakerlər avtomobillərin multimedia sistemlərini hədəfə alıb

Hakerlər avtomobillərin multimedia sistemlərini

Avtomobillərin multimedia sistemləri yeni kiberhücumların hədəfinə çevrilib. Monetar.az xəbər verir ki, Kaspersky mütəxəssisləri 2026-cı ilin iyununda “Android” əməliyyat sistemi ilə işləyən və multimedia ilə yanaşı, avtomobilin bəzi idarəetmə funksiyalarını birləşdirən konsollara qarşı yeni hücum növü aşkarlayıblar.

Mütəxəssislərin fikrincə, bu, məhz avtomobil konsollarını hədəf alan çoxmərhələli yoluxma zəncirinin ilk sənədləşdirilmiş nümunəsidir. Hücumun “BadBox” botneti ilə əlaqəli olduğu ehtimal edilən “MoYu” qrupu tərəfindən həyata keçirildiyi bildirilir.

Kibercinayətkarlar zərərli proqramı avtomobil konsollarına proqram təminatı yeniləmələri vasitəsilə yerləşdiriblər. Hücum zamanı sistemdə qanuni “TWCore” tətbiqindən istifadə olunub. Bu tətbiq normalda analitik məlumatların toplanması və konsolun proqram təminatının yenilənməsi üçün nəzərdə tutulub.

Hücumçular isə yeniləmə mexanizmindən istifadə edərək “JarService” yükləyicisi vasitəsilə zərərli proqramı cihazlara yerləşdiriblər. Zərərli proqram istifadəçiyə görünmədən, arxa planda işləyib.

Kaspersky-nin araşdırmasına görə, zərərli proqram reklam fırıldaqçılığı həyata keçirməyə, istənməyən reklamlar göstərməyə və əlavə zərərli modullar yükləməyə imkan verib. Bundan başqa, hücumçular cihazın modeli, ekran ölçüsü, qoşulduğu “Wi-Fi” şəbəkəsinin identifikatoru və MAC ünvanı kimi məlumatları da toplayıblar.

Kampaniyanın “BadBox” botneti ilə əlaqələndirilməsi də diqqət çəkir. “BadBox” əvvəlcədən zərərli proqramlarla yoluxdurulmuş “Android” cihazlardan ibarət geniş şəbəkədir. Bu cihazlardan reklam fırıldaqçılığı, məlumat oğurluğu və internet trafikinin proksi serverlər üzərindən yönləndirilməsi üçün istifadə oluna bilər.

Kaspersky bildirib ki, aşkarlanmış boşluq barədə “DoFun” şirkətinə məlumat verilib və şirkətin məlumatına görə, problem artıq aradan qaldırılıb.

Mütəxəssislər avtomobil sistemlərində rəsmi proqram təminatı yeniləmələrinin vaxtında quraşdırılmasını tövsiyə edirlər. Onların fikrincə, avtomobillərin internetə daha çox bağlanması yeni imkanlarla yanaşı, kibertəhlükələr üçün də əlavə risklər yaradır.