İşğaldan azad olunmuş ərazilərdə müəssisələr vergi və gömrük güzəşti əldə edib

İşğaldan azad olunmuş ərazilərdə müəssisələr vergi və gömrük

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələr üçün tətbiq olunan güzəştlər çərçivəsində indiyədək 17,4 milyon manat məbləğində vergi və gömrük rüsumundan azadolma təmin edilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, güzəştlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi uçotunda olan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə şamil olunur.

Mövcud qaydalara əsasən, müvafiq fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, eləcə də xammal və materialların idxalı 2033-cü il yanvarın 1-dək ƏDV və gömrük rüsumundan azaddır.

Bu imkanlardan sənaye parkları da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə istehsal müəssisələri yaradan sahibkarlar yararlanırlar. Güzəştlər nəticəsində idxal edilən avadanlıq, texnika və xammala görə 17,4 milyon manatlıq vergi və gömrük ödənişindən azadolma əldə olunub.

Tətbiq edilən dəstək mexanizmləri bölgədə müxtəlif sənaye sahələrinin inkişafına da şərait yaradıb. Hazırda ərazilərdə tekstil, tikinti materialları, elektrik avadanlıqları, nəqliyyat vasitələri və digər sənaye məhsullarının istehsalı həyata keçirilir.

Güzəştlərdən yararlanmaq üçün tələb olunan sənədlər İqtisadiyyat Nazirliyi tərəfindən həm fiziki, həm də elektron formada qəbul edilir. İdxalı güzəştə düşən texnika, avadanlıq, qurğu, xammal və materialların siyahısı Nazirlər Kabinetinin 5 avqust 2023-cü il tarixli 269 nömrəli qərarı ilə təsdiqlənib.