İlin əvvəlindən bəri ABŞ-də beşinci bank bağlanıb

İlin əvvəlindən bəri ABŞ-də beşinci

ABŞ Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiyasının (FDIC) məlumatına görə, Filadelfiyada fəaliyyət göstərən "Tioga-Franklin Savings Bank" 2026-cı ilin əvvəlindən bəri ölkədə bağlanan beşinci bank olub.

Pensilvaniya ştatının tənzimləyici orqanı avqustun 21-də bankın təhlükəli və qeyri-sabit maliyyə vəziyyətini əsas gətirərək onu nəzarətə götürüb və FDIC-ni bankın müflisləşməsi üzrə idarəçi təyin edib.

2026-cı il iyunun 30-na olan məlumata görə, bankın:

  • aktivləri – 68 milyon dollar,
  • depozitləri – 67 milyon dollar təşkil edib.

FDIC bildirib ki, "Second Federal Savings and Loan Association of Philadelphia" bağlanan bankın bütün əmanətlərini qəbul etməyə və demək olar ki, bütün aktivlərini almağa razılıq verib.

Bankın yeganə filialı 24 avqustdan etibarən "Second Federal" adı altında fəaliyyətini davam etdirəcək. Müştərilər avtomatik olaraq yeni bankın müştərilərinə çevriləcək və vəsaitlərinə fasiləsiz çıxış imkanını qoruyacaqlar. Onlar əvvəlki kimi çeklərdən, bank kartlarından və bankomatlardan istifadə edə biləcəklər.

FDIC-nin məlumatına görə, qəbul edilən bütün depozitlər sığortalanmış statusunu saxlayacaq. Buna görə də müştərilərin vəsaitlərini başqa banka köçürməsinə və ya əlavə hərəkət etməsinə ehtiyac yoxdur.

Agentlik bankın bağlanmasının Əmanətlərin Sığortalanması Fonduna təxminən 5,5 milyon dollar zərər vuracağını ilkin olaraq qiymətləndirir.

"Tioga-Franklin Savings Bank"dan əvvəl ABŞ-də aşağıdakı banklar fəaliyyətini dayandırıb:

  • "Metropolitan Capital Bank & Trust" (Çikaqo) – 30 yanvar;
  • "Community Bank and Trust – West Georgia" (LaGrange) – 1 may;
  • "Kentland Federal Savings and Loan Association" (İndiana) – 10 iyul;
  • "Small Business Bank" (Kanzas) – 17 iyul.

"American Banker" bu prosesi əsasən kiçik regional bankların tədricən bazardan çıxması kimi qiymətləndirir. Müqayisə üçün, 2024 və 2025-ci illərdə ABŞ-də hər il cəmi iki bank bağlanmışdı. 2021 və 2022-ci illərdə isə heç bir bank müflis olmamışdı. 2023-cü ildə isə "Silicon Valley Bank", "Signature Bank" və "First Republic Bank" da daxil olmaqla beş bank fəaliyyətini dayandırmışdı.

Kiçik bankların bağlanması fonunda yeni bankların yaradılmasına maraq əhəmiyyətli dərəcədə artıb.

"Bloomberg"in məlumatına görə, Donald Trampın ikinci prezidentlik müddətinin ilk 19 ayı ərzində ABŞ Valyuta Nəzarəti İdarəsi (OCC) 22 bank lisenziyası müraciətini təsdiqləyib. Bu göstərici əvvəlki beş ilin ümumi nəticəsini üstələyir.

2025-ci ilin əvvəlindən etibarən OCC-yə təxminən 40 müraciət daxil olub ki, bu da əvvəlki 13 il ərzində qəbul edilmiş müraciətlərin ümumi sayına bərabərdir. Tam sənəd paketi təqdim olunduqdan sonra tənzimləyici əksər hallarda 120 gün ərzində qərar verir.

Müraciətlərin artması Tramp administrasiyasının maliyyə sektorunda tənzimləmələri sadələşdirmək və rəqəmsal aktivləri bank sisteminə inteqrasiya etmək siyasəti ilə əlaqələndirilir.

OCC-nin məlumatına görə, müraciət edənlərin əhəmiyyətli hissəsini artıq maliyyə xidmətləri göstərən fintex və kripto şirkətləri təşkil edir. Federal bank lisenziyası almaq üçün müraciət etmiş və ya ilkin təsdiq əldə etmiş şirkətlər arasında "Circle", "Coinbase", "Nu Holdings" və Tramp ailəsi ilə əlaqələndirilən "World Liberty Financial" da yer alır.

MONETAR.AZ