Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə Azərbaycanda daha 10 istiqamət üzrə daxili bazar araşdırmasının aparılması planlaşdırılır.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, araşdırmaların əsas məqsədi sahibkarların investisiya qərarlarının qəbuluna dəstək vermək, perspektivli istehsal sahələri barədə məlumatlılığı artırmaq və yeni biznes təşəbbüslərinin yaranmasına şərait yaratmaqdır.
Araşdırmalar aşağıdakı istiqamətləri əhatə edəcək:
- dəri ayaqqabı istehsalı;
- perlit əsaslı inşaat məhsullarının istehsalı;
- dializ aparatları üçün filtr istehsalı;
- məişət avadanlıqlarının yığılması;
- keramik sanitar məmulatların istehsalı;
- şaquli əkinçilik və qiymətli bitkilərin yetişdirilməsi;
- Azərbaycanda elektromobil batareyalarının istehsal potensialı və daxili bazar tələbatının qiymətləndirilməsi;
- 3D printer və 3D çap materiallarının istehsalı;
- su təmizləmə və filtrasiya sistemlərinin yerli istehsalının yaradılması imkanları;
- elektron tullantıların təkrar emalı müəssisələrinin yaradılması perspektivləri.
Araşdırmalar başa çatdıqdan sonra hazırlanacaq hesabatlar müvafiq sahələrdə məhsul və xidmət yaratmaq, eləcə də fəaliyyətini genişləndirmək istəyən sahibkarların istifadəsi üçün KOBİA-nın rəsmi internet səhifəsində yerləşdiriləcək. KOBİA-nın daxili bazar araşdırmaları bölməsi
Qeyd edək ki, daxili bazar araşdırması mexanizmi çərçivəsində dövlət dəstəyi KOBİA tərəfindən təmin olunur. Araşdırmalar həm sahibkarların müraciəti, həm də Agentliyin təşəbbüsü əsasında aparılır.
KOBİA-nın təşəbbüsü ilə həyata keçirilən araşdırmalar sahibkarlar arasında keçirilən sorğuların nəticələri və ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş sənədlər əsasında müəyyənləşdirilir. Bu araşdırmaların nəticələrindən bütün sahibkarlar yararlana bilərlər.
Sahibkarın müraciəti əsasında aparılan araşdırmalarda isə dövlət dəstəyinin həcmi biznes subyektinin ölçüsündən asılıdır. Belə ki, müraciət edən mikrosahibkar olduqda araşdırma xərclərinin 80%-i, kiçik sahibkar olduqda isə 50%-i dövlət tərəfindən qarşılanır.
Bu qaydada aparılan bazar araşdırmasının nəticələri əsasında hazırlanan hesabat isə yalnız müraciət etmiş sahibkara təqdim olunur.
