Norveç Barents dənizində neft və qaz hasilatını davam etdirmək niyyətindədir. Energetika naziri Terje Aasland "Reuters" agentliyinə bildirib ki, bu qərar Avropa İttifaqının Arktikada yeni hasilata moratorium tətbiqini dəstəkləyib-dəstəkləməməsindən asılı olmayacaq.
Norveç 2022-ci ildən sonra Avropanın ən böyük təbii qaz tədarükçüsünə çevrilib və hazırda Aİ ilə Böyük Britaniyanın qaz tələbatının təxminən 30%-ni qarşılayır.
Ötən il ölkədə qaz hasilatı rekord həddə yaxınlaşıb, neft hasilatı isə 2009-cu ildən bəri ən yüksək səviyyəyə çatıb. Bununla belə, rəsmi proqnozlara görə, yeni yataqlar istifadəyə verilməsə, hasilat 2030-cu ildən sonra kəskin azala bilər.
Aasland hesab edir ki, mövcud geosiyasi şərait və Avropanın enerji təhlükəsizliyi baxımından Barents dənizində yeni layihələrin həyata keçirilməsi həm Norveçin, həm də Avropanın maraqlarına uyğundur.
Aİ hazırda ekoloji səbəblərdən Arktikada yeni qazma işlərinə moratorium tətbiq edilməsini dəstəkləyir. Bununla belə, enerji təhlükəsizliyi ilə bağlı artan narahatlıqlar fonunda Brüssel bu mövqeyinə yenidən baxma imkanını nəzərdən keçirir.
Norveçin ən böyük neft şirkəti "Equinor"un rəhbəri Anders Opedal bildirib ki, Aİ Barents dənizindən gələn neft və sıxılmış təbii qazdan (STQ/LNG) imtina etsə belə, bu resursların başqa bazarlara yönəldilməsi mümkündür.
Aasland Norveçin neft və qaz hasilatı ilə yanaşı ixracı da ən azı 2035-ci ilə qədər indiki səviyyələrə yaxın saxlamaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, Barents dənizi bu strategiyada əsas rol oynayacaq.
Norveç Aİ ilə danışıqlarda Barents dənizində hasilat üçün açıq olan ərazilərin Şimal dənizi kimi buz örtüyündən böyük ölçüdə azad olduğunu vurğulayır. Oslo hesab edir ki, bu xüsusiyyət neft sızması riskini azaldır və ölkənin Rusiya ilə sərhəddə yerləşən şimal bölgələrində məşğulluğun qorunmasına imkan yaradır.
Aasland bildirib ki, Aİ moratoriumu qüvvədə saxlasa belə, Barents dənizinin resurslarının işlənməsi Norveçin suveren hüququdur. Onun fikrincə, ölkə yataqları işlədəcək, bundan sonra həmin neft və qazı alıb-almamaq qərarını Aİ özü verməlidir.
Barents dənizindən hasil olunan neft qlobal bazarlara çıxarıla bilər. Qaz isə "Equinor"un Hammerfest yaxınlığındakı Melkøya zavodunda STQ-yə çevrilərək ixrac oluna bilər.
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol da enerji təhlükəsizliyi baxımından Aİ-ni yeni Arktika layihələrinə münasibətini dəyişməyə çağırıb. Tənqidçilər isə bildirirlər ki, belə layihələrin reallaşdırılması uzun illər tələb edə bilər və onların Avropanın yaxınmüddətli enerji təminatına təsiri məhdud olacaq.
Norveçin enerji siyasətində digər mühüm dəyişiklik isə ölkənin özünü Avropanın "yaşıl batareyası" kimi təqdim etməkdən uzaqlaşmasıdır. Aasland bu konsepsiyanın artıq köhnəldiyini düşünür və bildirir ki, Norveç təkbaşına Avropanın enerji bazarını balanslaşdıra bilməz.
Norveçlə Avropa arasında yeni elektrik interkonnektorlarının yaradılması ölkənin qitənin enerji bazarına inteqrasiyasını gücləndirsə də, elektrik qiymətlərindəki dəyişikliklərə qarşı həssaslığı artırıb. Aasland yeni interkonnektorların tikintisini planlaşdırmadıqlarını, lakin Avropa ilə sıx əməkdaşlığı davam etdirəcəklərini bildirib.
Nazir həmçinin Avropa ölkələrini kömür və atom elektrik stansiyalarının bağlanması, eləcə də qazla işləyən elektrik enerjisi istehsalına investisiyaların kifayət qədər olmaması fonunda enerji təchizatının dayanıqlığını gücləndirməyə çağırıb.
Onun fikrincə, Avropanın gələcək enerji sistemi daha güclü və inteqrasiya olunmuş olmalıdır.
MONETAR.AZ