Taksi sürücüsü olmaq istəyənlər üçün imtahan keçiriləcək

Taksi sürücüsü olmaq istəyənlər üçün

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və müvafiq şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün 1 oktyabrda imtahan keçirəcək.

İmtahanda iştirak etmək istəyən şəxslər 24 avqust saat 12:00-dan 20 sentyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

Namizədlər əvvəlcə DİM-in “Şəxsi kabinet” sistemində hesab yaratmalı, daha sonra taksi sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirak üçün müvafiq qeydiyyat xidmətindən keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər şəxsi kabinetlərinin hesabına 35 manat vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən şəxslərə ödəniş geri qaytarılmır.

Test imtahanı Bakı və Gəncədə keçiriləcək:

  • Bakı: DİM-in elektron imtahanlar korpusu — Binəqədi rayonu, S.S. Axundov küçəsi 50;
  • Gəncə: Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb.

İmtahana buraxılış vərəqəsi imtahana 3 gün qalmış DİM-in elektron imtahanlara buraxılış vərəqələri xidmətindən əldə edilə biləcək.

İmtahanın müddəti 1 saatdır. Namizədlərə sürücülərin etik davranışı və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlarla bağlı 20 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavablar nəticəyə təsir etmir.

10 və daha çox bal toplayan namizədlər imtahanı keçmiş hesab ediləcək və onlara 7 il müddətində etibarlı şəhadətnamə veriləcək.