Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə tələbə adını qazanan gənclərə müraciət edib.
Məleykə Abbaszadə “Abituriyent” jurnalının yeni nömrəsində yayımlanan müraciətində tələbələri ali məktəblərə qəbul olmaları münasibətilə təbrik edib və qarşıdakı təhsil mərhələsində onlara uğurlar arzulayıb.
DİM sədrinin sözlərinə görə, bu il ali təhsil müəssisələrinə qəbul müsabiqəsində 87 146 nəfər iştirak edib. Onlardan 58 947 nəfəri, o cümlədən 4 215 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub.
Qəbul olunanlardan 28 108 nəfər dövlət sifarişi, 317 nəfər dövlət hesablı, 30 522 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələri üzrə qəbul planının 97,07 faizi dolub. Boş qalan plan yerləri üzrə ixtisas seçimindən sonra bu göstəricinin daha da yüksələcəyi gözlənilir.
Məleykə Abbaszadə qeyd edib ki, ötən illə müqayisədə bu il tələbə adını qazananların sayı 1 711 nəfər artıb. Dövlət sifarişi əsasında qəbul olunanların sayı da əvvəlki ilin göstəricisini 290 nəfər üstələyib. Onun sözlərinə görə, son illərdə qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz təhsil imkanı əldə edən tələbələrin sayı da yüksəlir.
DİM sədri tələbə adını qazanmağın illərlə davam edən təhsil, hazırlıq və zəhmətin nəticəsi olduğunu vurğulayıb. O, bu uğurun əldə edilməsində valideynlərin, yaxınların və müəllimlərin dəstəyinin xüsusi rol oynadığını bildirib.
Müraciətdə tələbələrə ali təhsilin yalnız diplom əldə etmək vasitəsi kimi deyil, həm də müstəqil düşünmə, məlumatları təhlil etmə, düzgün qərarlar qəbul etmə, komandada işləmə və daim inkişaf etmə bacarıqlarının formalaşdığı mühüm mərhələ kimi yanaşmaları tövsiyə olunub.
Məleykə Abbaszadə müasir əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis olmaq üçün yalnız peşə biliklərinin kifayət etmədiyini, yenilikləri mənimsəməyin və dəyişikliklərə uyğunlaşmağın da vacib olduğunu qeyd edib.
O, Azərbaycan gənclərinin ölkənin elm, təhsil, iqtisadiyyat, texnologiya, səhiyyə, idman və mədəniyyət daxil olmaqla müxtəlif sahələrinin inkişafında mühüm rol oynayacağını vurğulayıb.
DİM sədri müraciətinin sonunda tələbələrə yüksək məqsədlər qoymağı, çətinliklər qarşısında ruhdan düşməməyi və öyrənməkdən heç vaxt imtina etməməyi tövsiyə edib.
“Bu gün həyatınızda yeni bir səhifə açılır. Hər birinizə öz potensialınızı üzə çıxarmağı, seçdiyiniz sahədə əsl peşəkar olmağı, əldə edəcəyiniz bilik və bacarıqları təkmilləşdirməyi tövsiyə edirəm”, – deyə Məleykə Abbaszadə bildirib.